Azərbaycanın təhsil imkanlarının Laosda daha geniş tanıdılması...
Lalə Sadıqova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının kadrlar üzrə mütəxəssisi
Dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır. Təhsil, nəqliyyat, humanitar təhlükəsizlik və texnologiya sahələrində əməkdaşlıq da uzunmüddətli tərəfdaşlığın formalaşmasında mühüm rol oynayır. Azərbaycan ilə Laos arasında münasibətlərin inkişaf perspektivləri Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə 2026-cı il oktyabrın 13-də mətbuata verdiyi bəyanatda bu istiqamətlər üzrə də geniş əksini tapıb.
Bəyanatda xüsusi diqqət çəkən məsələlərdən biri təhsil sahəsində tarixi əlaqələrin bərpasıdır. Prezident İlham Əliyevin bildirdiyinə görə, sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil alıb. Bu tarixi təcrübənin yenidən canlandırılması üçün təqaüd mexanizmlərinin təklif olunması təhsil əməkdaşlığının genişləndirilməsi baxımından mühüm addımdır. Laoslu gənclərin Azərbaycan ali təhsil müəssisələrində təhsil alması onların peşəkar hazırlığına töhfə verməklə yanaşı, xalqlar arasında qarşılıqlı anlaşmanın və humanitar əlaqələrin möhkəmlənməsinə də xidmət edə bilər.
Təhsil əlaqələrinin inkişafı ölkələr arasında uzunmüddətli münasibətlərin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Tələbə mübadiləsi və təqaüd proqramları gələcəkdə müxtəlif sahələrdə çalışan mütəxəssislər arasında peşəkar əlaqələrin yaranmasına şərait yaradır. Bu baxımdan, Azərbaycanın təhsil imkanlarının Laosda daha geniş tanıdılması və qarşılıqlı təhsil təşəbbüslərinin inkişaf etdirilməsi ikitərəfli münasibətlərin humanitar əsaslarını gücləndirə bilər.
Prezidentlərin müzakirələrində ön plana çıxan digər mühüm istiqamət nəqliyyat və logistika əlaqələridir. Prezident İlham Əliyev Azərbaycanın əsas nəqliyyat-logistika layihələrinin artıq reallaşdırıldığını, hazırda isə yeni yük mənbələrinin cəlb edilməsi və daşımaların həcminin artırılması üzərində iş aparıldığını bildirib. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarını inkişaf etdirməsi və bu layihələrin gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutu ilə əlaqələndirilməsi ehtimalı iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün əlavə imkanlar yaradır.
Nəqliyyat bağlantılarının inkişafı coğrafi baxımdan bir-birindən uzaqda yerləşən dövlətlər arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə imkan verən əsas amillərdəndir. Dəmir yolu və digər logistika layihələrinin əlaqələndirilməsi yükdaşımaların səmərəliliyinin artırılması, yeni bazarlara çıxışın genişləndirilməsi və ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Bununla yanaşı, enerji, mədənçilik və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi tərəfdaşlığın konkret iqtisadi istiqamətlər üzrə genişləndirilməsi üçün zəmin yaradır.
Dövlət başçısının çıxışı iki ölkənin ortaq problemlər ətrafında təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq niyyətini nümayiş etdirir.