Azərbaycanın sülh təşəbbüsləri regionda yeni əməkdaşlıq mühiti formalaşdırır

Azərbaycanın sülh təşəbbüsləri regionda yeni əməkdaşlıq mühiti formalaşdırır

Qasım Qasımov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon, 146 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə keçirdiyi görüş zamanı səsləndirdiyi mühüm məqamlardan biri Azərbaycanın sülh prosesinin praktik müstəvidə irəliləməsi üçün atdığı konkret addımlar oldu. Dövlət başçısı vurğuladı ki, sülh yalnız imzalanacaq sənədlərlə deyil, gündəlik həyatda hiss olunan real dəyişikliklərlə möhkəmlənə bilər. Məhz bu yanaşmadan çıxış edən Azərbaycan son dövrdə regionda etimadın gücləndirilməsinə xidmət edən bir sıra mühüm qərarlar qəbul edib.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu məhdudiyyətlər uzun illər ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması səbəbindən qüvvədə idi. İşğalın başa çatması, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması yeni reallıq yaradıb və Azərbaycan bu reallığa uyğun olaraq münasibətlərdə də yeni yanaşma nümayiş etdirir. Tranzit imkanlarının açılması regionda iqtisadi fəallığın artmasına, yükdaşımaların genişlənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilir.

Dövlət başçısı çıxışında diqqətə çatdırdı ki, Azərbaycan bununla kifayətlənməyərək Ermənistana mühüm enerji məhsullarının, xüsusilə benzin və dizel yanacağının tədarükünə də başlayıb. Bu qərar iqtisadi əhəmiyyət daşımaqla yanaşı, siyasi baxımdan da mühüm mesaj verir. Çünki uzun illər davam etmiş münaqişədən sonra belə bir addımın atılması Azərbaycanın münasibətləri qarşıdurma müstəvisindən əməkdaşlıq müstəvisinə keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir.

Hazırkı geosiyasi vəziyyətdə enerji resurslarının strateji əhəmiyyəti daha da artıb. Dünyada enerji bazarlarında baş verən dəyişikliklər fonunda yanacaq təchizatının fasiləsiz təmin olunması dövlətlərin iqtisadi sabitliyi üçün mühüm amilə çevrilib. Belə bir şəraitdə Azərbaycanın Ermənistana enerji məhsulları ixrac etməsi regionda yeni münasibətlər modelinin formalaşmasının göstəricisi kimi dəyərləndirilə bilər. Bu addım eyni zamanda onu göstərir ki, rəsmi Bakı sülh gündəliyinə yalnız siyasi bəyanatlarla deyil, konkret praktiki qərarlarla da sadiqdir.

Azərbaycanın həyata keçirdiyi bu siyasət bölgədə iqtisadi inteqrasiyanın genişlənməsinə də yeni imkanlar yaradır. Sərhədlərdən keçən yüklərin həcminin artması, yeni ticarət əlaqələrinin formalaşması və logistika imkanlarının genişlənməsi təkcə iki ölkəyə deyil, bütövlükdə Cənubi Qafqaz regionuna əlavə iqtisadi dividendlər qazandıra bilər. Uzun illər davam edən münaqişənin yaratdığı maneələrin aradan qaldırılması regionun tranzit potensialını da əhəmiyyətli dərəcədə artırır.

Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın bütün bu addımları qalib dövlət kimi atmasıdır. Ölkəmiz hərbi və siyasi məqsədlərinə nail olduqdan sonra revanşizm yolunu deyil, sülh və əməkdaşlıq yolunu seçdiyini konkret addımlarla nümayiş etdirir. Bu yanaşma Azərbaycanın beynəlxalq aləmdə məsuliyyətli və etibarlı dövlət imicini daha da gücləndirir.

Avropa Komissiyası ilə keçirilən görüşdə bu məsələlərin geniş müzakirə olunması da təsadüfi deyil. Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin təmin edilməsində iqtisadi əməkdaşlığın mühüm rol oynadığını yaxşı anlayır. Azərbaycanın təşəbbüsləri isə məhz bu məqsədə xidmət edir. Tranzit yollarının açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq regionda qarşılıqlı asılılığı artıraraq uzunmüddətli sülhün möhkəmlənməsinə töhfə verə bilər.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan sülh prosesini yalnız diplomatik danışıqlar çərçivəsində deyil, real iqtisadi layihələr və humanitar addımlar vasitəsilə də dəstəkləyir. Bu siyasət Cənubi Qafqazın gələcəyini qarşıdurma və düşmənçilik üzərində deyil, əməkdaşlıq, qarşılıqlı fayda və davamlı inkişaf prinsipləri üzərində qurmağa yönəlib. Məhz buna görə də Azərbaycanın atdığı addımlar regionun yeni inkişaf mərhələsinin əsasını təşkil edən mühüm təşəbbüslər kimi qiymətləndirilə bilər.