Azərbaycanda idmanın inkişafı cənab Prezidentin adı ilə bağlıdır
Azərbaycanda idmanın inkişafı və bu sahəyə olan maraq ilbəil artır. Ölkənin prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində 2025-ci ildə də bu sahədə mühüm uğurlar əldə edilmişdir.
2025-ci ilin sonunda idman yekunlarına həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxış etmişdir. O, ölkəmizdə idman sahəsindəki vəziyyətdən və bu sahədəki uğurlardan danışmışdır. 2025-ci ildə ölkəmizdə idman infrastrukturu daha da güclənmişdir. Bakı ilə yanaşı, regionlarda da yeni idman kompleksləri istifadəyə verilmiş, mövcud olanlar isə yenidən təmir və bərpa olunmuşdur. Gəncədə və Yevlaxda Olimpiya İdman kompleksləri tikilmişdir. Bu tədbirlər gənclərin idmana cəlb olunmasına, sağlam həyat tərzinin təşviqinə mühüm töhfə vermişdir.
İl ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış etmiş, müxtəlif idman növləri üzrə yüksək nəticələr qazanmışlar. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq arenalarda idmançılarımız 2000-dən çox medal qazanıblar. Bunların 600-dən çoxu qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı bu il daha çox olub. Xüsusilə, güləş, cüdo, boks və gimnastika sahəsində qazanılan uğurlar ölkəmizin idman potensialını bir daha nümayiş etdirmişdir. Bu uğurlar Azərbaycan bayrağının dəfələrlə beynəlxalq arenalarda dalğalanmasına səbəb olmuşdur.
İdmançılarımız beynəlxalq yarışlarda Dövlət Bayrağını qaldıranda, əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. 2020-ci ildə bayrağımız güclü dövlət siyasətinin və xalqımızın igid, qəhrəman övladlarının vətən sevgisi sayəsində qalib ölkənin bayrağı kimi yüksəklərdə dalğalandı. Xalqımızın əldə etdiyi şanlı Qələbə idmançılarımızın məsuliyyətini daha da artırır, onlar qürur hissi ilə idman meydançalarına, idman arenalarına çıxırlar və müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu il ölkəmizdə keçirilmiş əsas idman yarışı MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Bu yarışlar çox yüksək səviyyədə Gəncə şəhərində keçirilmişdir. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. İdmançılarımız bu oyunlarda yaxşı nəticə göstərərək ikinci yerə layiq görülmüşlər.
Artıq bir çox beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi ənənəvi hal almışdır. UFC üzrə beynəlxalq turnir isə ölkəmizdə bu il ilk dəfə keçirilib. Əksər hallarda Amerikada, yaxud da ən inkişaf etmiş ölkələrdə keçirilən bu populyar idman yarışı dünya mediası tərəfindən işıqlandırıldı. Ənənəvi olaraq Formula 1 yarışı bu il də Bakıda keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Bu yarışları izləmək üçün Azərbaycana xeyli sayda turist gəlmişdir. 20 min insan canlı olaraq bu yarışı izləmişdir. Beynəlxalq idman yarışlarını izləmək üçün Azərbaycana gələn turistlər xalqımızın qonaqpərvərliyindən, Bakının və ayrı-ayrı bölgələrimizin gözəlliklərindən həvəslə danışırdılar.
Cənab İlham Əliyev onu da qeyd etdi ki, ölkəmizdə beynəlxalq idman yarışlarının gələn il də keçiriləcəyi gözlənilir. Ölkəmizdə ilk dəfə olaraq Xizək üzrə Dünya Kuboku uğrunda yarış Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Gələcəkdə Qarabağdakı Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər.
Bu gün Azərbaycan idmanı tarixinin çox şərəfli və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin bu sahəyə göstərilən xüsusi diqqət və qayğısının bəhrəsidir.