Xəyalə İbrahimova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 79 nömrəli tam orta məktəbin direktor müavini
Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib. Əvvəlcə, Rusiya Prezidenti Paşinyanla görüşüb. Sərhədlərin delimitasiyası və demarkasiyası kontekstində baş nazir qeyd edib ki, bu prosesin əvvəlində İrəvan dəfələrlə vurğulayıb ki, ilk növbədə, sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsini artırmaq üçün mexanizmlər yaratmaq lazımdır. “Rusiyanın mövqeyi ondan ibarət idi ki, delimitasiya komissiyasının yaradılması özü sərhəd təhlükəsizliyi mexanizminə çevriləcək. Biz bu mövqeyi bölüşməmişik, lakin sonda strateji müttəfiqimiz olan Rusiyanın şərhinə bel bağlamaq qərarına gəldik”, - deyən Paşinyan sentyabrın 13-də Azərbaycan qoşunlarının sərhəddə irəlilədiyini və Ermənistan ərazisinə daxil olduğunu iddia edərək növbəti dəfə qeyri-konstruktiv mövqedən çıxış edib və pozuculuq yolunu tutub. “Məhz buna görə də Rusiyanın Azərbaycan qoşunlarının 2021-ci il mayın 11-dən əvvəlki mövqelərə çıxarılmasının zəruriliyi ilə bağlı dəqiq mövqeyi Ermənistan üçün indi vacibdir” - Paşinyan iddiasını davam etdirib.
Qeyd edək ki, ikitərəfli görüşdə qəribə hadisə yaşanıb. Belə ki, Paşinyanın öz çıxışını vərəqdən oxumasını əks etdirən görüntülər “Telegram”ın erməni seqmentində geniş yayılıb və müzakirələrə səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında deyib: “Yenidən görüşməyimizə şadam. Biz Sizinlə keçən ayda da, bu ayda da görüşmüşük, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanımız olub. Bugünkü görüş bizim regional məsələlərə həsr edilib. Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib.
Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur. Təqdim edilən baza prinsiplərinin biri də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə müzakirələrindən sonra Vladimir Putin deyib, hələ ki, iki ölkə arasında sülh müqaviləsi yoxdur. Putin Rusiyanın Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yönəlmiş istənilən səyləri dəstəklədiklərini açıqlayıb.
Nikol Paşinyan deyib ki, Azərbaycan silahlı qüvvələri bu ilin martında Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına müdaxilə edib və hələ də ordan çıxmayıb. O ümid edir ki, üçtərəfli görüşdə onlar bu məsələni də müzakirə edəcəklər. Rusiya Prezidenti, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası üçün "ilkin şərtlərin tapıldığını" deyib və Qarabağda yerləşmiş sülhməramlıların bölgədə qalma məsələsinə toxunub. Prezidentimiz isə Azərbaycan artıq Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığını bəyan edib və Rusiya sülhməramlılarının ərazisində müvəqqəti olduğunu tez-tez diqqətə çatdırıb.
Cənab İlham Əliyev deyib ki, uzun illər mövcud olmuş Qarabağ münaqişəsi artıq geridə qalıb və indi Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində "müzakirə etmək, hərəkət etmək" vaxtıdır. "Qarabağ münaqişəsi artıq tarixdədir, iki il əvvəl artıq həll olunub və praktiki olaraq, bu baxımdan müzakirə olunası bir şey yoxdur, amma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sözsüz ki, ciddi addımlar tələb edən formatdır və biz Rusiyanın bu sahədə töhfəsini, bu məqsədə çatmaqda rolunu səbirsizliklə gözləyirik".
Ermənistanı məhvə sürükləyən siyasi və iqtisadi böhrandan xilas yolu Azərbaycanla və paralel olaraq Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Azərbaycanın təqdim etdiyi məhz bu baza prinsipləri əsasında ikitərəfli sülh müqaviləsi bağlamaqla Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.