Afaq Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktor müavini
27 sentyabr 2020-ci il tarixi millətin yaddaşından, hərb tariximizdən heç vaxt silinməyəcək. Məhz həmin tarix ilə uzun illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr bununla bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz düşmənə “dəmir yumruq” ifadəsinin nə olduğunu, necə olduğunu anlatdı.
Vətən müharibəsində diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Noyabrın 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik mübariz ordumuz tərəfindən azad olundu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı və kapitulyasiya bəyannaməsini imzaladı. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Qazanılan mütərrəqi zəfərlə ərazi bütövlüyümüz təmin edildi, ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu, milli birliyimiz daha da möhkəmləndi.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi.