Novruz tonqalı – Ali Baş Komandanımızın, qəhrəman əsgərlərimizin Zəfər təntənəsi
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Novruz Azərbaycanda dövlət bayramı kimi yüksək səviyyədə qeyd olunur. Dostluq, həmrəylik, el bayramına çevirilmiş Novruz bayramı münasibətilə Ulu öndər xalıqmızı 21 mart 2000-ci il tarixdə təbrik edərkən demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız Novruz adət-ənənələrimizi yaşadır və hər bir vasitə ilə xalqımızın zəngin mədəni irsini dünyaya tanıdırlar. Azərbaycanın Birinci vitse-preizdenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bəşəriyyətin qeyri maddi-mədəni irsi olaraq UNESCO tərəfindən qeydə alınmışdır və 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.
Bir vaxtlar hamımızın arzusu düşmən tapdağı altında olan ulu torpaqlarımızda Novruz tonqalının alovlanmasını görmək idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəman oğulları 44 gün ərzində işğal altında olan torpaqlarımızı düşmən əsarətindən xilas edə bildilər. Ümummilli liderimizin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır” müdrik fikri və xalqımızın 30 illik arzusu gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağımızın tacı olan Şuşada Novruz tonqalını yandırması haqq-ədalətin, Azərbaycan xalqının Qələbəsinin, Ordumuzun Zəfərinin təntənəsinə çevrilmişdir.