Zəngəzur dəhlizi beynəlxalq iqtisadi əhəmiyyətə malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu müsahibəsi beynəlxalq aləmdə böyük əks-səda doğurmuş, onun aydın, müdrik çıxışı dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Ermənistanla sülh danışıqlarına diqqəti cəlb edən prezident bildirmişdir ki, keçən əsrin 90-cı illərində Azərbaycan ərazisi işğal edilmiş və dövlətimiz 1 milyondan çox qaçqın qəbul etməyə məcbur olmuşdur. Belə ki, o zaman Azərbaycan iqtisadiyyatı zəif idi, ordusu isə demək olar yox idi.
Birinci Qarabağ müharibəsi atəşkəslə başa çatdı və biz ATƏM-in Minsk qrupu vasitəsilə 30 il davam edən, lakin mənasız sülh danışıqlarına başladıq. Bu nəticəsiz oldu və biz 2020-ci ildə beyəlxalq hüququ bərpa edərək torpaqlarımızı azad etdik. Bundan sonra Ermənistanla sülh danışıqlarının formatını da müəyyən etdik. Yəni 2025-ci ilin avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd hər iki dövlət arasındakı münasibətlərin necə qurulması barədə Azərbaycanın baxışına əsaslanır.
Sülh sazişinin imzalanmamasının yalnız bir səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın qalmasıdır. Onlar həmin bəndə dəyişiklik etməyə razılaşıblar və yalnız bundan sonra sülh imzalanması baş tutacaq. Lakin artıq Ağ Evdə sənədin paraflanması 30 illik müharibə dövrünün başa çatdığını göstərir. Bu Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üçün yeni imkanlar açır. Buna baxmayaraq, Ermənistanın bu sazişə tam sadiq qalacağına hələ də zəmanət yoxdur. Belə ki, hər hansı xarici müdaxilə olarsa bu razılaşma pozula bilər. Amma bu Ermənistanın özünə zərərlidir. Belə ki, ABŞ ilə münasibətləri ciddi şəkildə pisləşdirər. Həm də bütün dünya bu prosesi dəstəklədi. Ona qarşı çıxmaq dünyaya qarşı çıxmaq deməkdir.
Əgər Ermənistanın hər hansı gələcək hökuməti bu sənədi tanımayıb ərazi bütövlüyümüzü şübhə altına alsa biz də adekvat cavab verməli olub, onların ərazi bütövlüyünü tanımayacağıq. Prezident bildirdi ki, “Bu mənimlə Paşinyan arasında deyil, iki dövlət arasında razılaşmadır”. O qeyd etdi ki, Mins qrupunun qalması absurddur. Hər iki dövlət onun fəaliyyətinin dayandırılmasını tələb edir. Hazırda biz azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramını həyata keçiririk. Azad edilmiş ərazilərə artıq 50.000 nəfərdən çox insan köçürülüb və bu proses davam edəcək. Eyni zamanda bu ərazilərdə geniş tikinti-quruculuq işləri davam edir. Lakin bu prosesə mane olan 2 səbəb hələ də qalır. Ermənilərin işğal dövründə bastırdıqları minalar və infrastrukturun tamamilə dağıdılmış vəziyyətdə olması.
Zəngəzur dəhlizi məsələsinə toxunana Prezident vurğuladı ki, bununla bağlı tarixə nəzər salmaq lazımdır. 1918-ci ildə bizim müstəqil dövlətimiz – Azərbaycan Xalq Cumhuriyyəti quruldu, lakin 1920-ci ilin aprelində Sovet Rusiyası onu işğal edərək süquta uğratdı. 1920-ci ilin noyabrında isə onun bir hissəsi, yəni Qərbi Zəngəzur Azərbaycandan alınıb Ermənistana verildi. Nəticədə Azərbaycan iki yerə bölündü: Əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur onların arasında qaldı. Ermənistan təcavüzə başladıqda, bu əlaqə kəsildi və dəhliz bağlandı. Azərbaycan Naxçıvana yalnız İran ya da Ermənistan vasitəsilə gedə bilərdi. Lakin Ermənistan tərəfdən getmək mümkün deyildi.
Biz İkinci Qarabağ müharibəsi dövründə bunu zorla ala bilərdik. Lakin biz beynəlxalq hüquq normalarına əmək edirik. Amma Ermənistana bildirmişdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Müharibədən sonra Naxçıvanla əlaqə qurmaq üçün biz Ermənistan sərhədinə qədər magistral yol və dəmir yolu salmağa başladıq. Zəngəzur dəhlizi həm də beynəlxalq iqtisadi əhəmiyyətə malikdir. Əhalinin bu yoldan təhlükəsiz istifadəsi üçün beynəlxalq zəmanətə ehtiyac var idi. Ermənistanın verdiyi zəmanət kifayət deyildi. Odur ki, ABŞ prezidenti güclü siyasi lider, cənab Tramp narahatlığımızı bilib beynəlxalq zəmanət təklifi ilə çıxış etdi.
Ümid edirik ki, TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşurutu) layihəsi uğurlu olacaq. Bu yolun bir qolu Azərbaycandan Gürcüstan limanlarına, Türkiyə və Avropadan, ikinci qolu isə Ermənistandan keçəcək. Demək bu həm Ermənistana, region ölkələrinə, o cümlədən İrana da iqtisadi fayda verəcək. İranda bəzi qüvvələr bu dəhlizə qarşı idi. Lakin İran prezidenti müdriklik göstərdi və ölkəsi üçün bunun böyük iqtisadi qazanc olduğunu aydın başa düşdü. Rusiya ilə münasibətlərə toxunana prezidentimiz bildirdi ki, Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra biz qarşı tərəfdən üzrxahlıq gözləyirik.
2020-ci ilin noyabrın 9-da rus helikopterinin vurulması nəticəsində biz Rusiyadan rəsmən üzr istəyib, konpensasiya ödəyib, səlahiyyətli şəxsləri məsuliyyətə cəlb etdik. Lakin Rusiya tərəfindən belə addım atılmadı. Əksinə Rusiya tərəfindən orada yaşayan soydaşlarımıza hücumlar oldu.
Biz eyni zamanda İsrail ilə Suriya arasında münasibətlərin normallaşmasında diplomatik vasitəçilik edirik. Əvvəlki Suriya rəhbəri Əsəd Ermənistanı dəstəkləyirdi. Suriyada xalqın dəstəyi ilə hakimiyyətə gələn Əhməd əl-Şarra ilə yaxşı münasibətlərimiz var. Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli saziş imzalanmışdı. Türkiyə vasitəsilə Suriyaya qaz veririk. Ümumiyyətlə Azərbaycanın bütün Yaxın Şərq dövlətləri ilə dost münasibətləri vardır. Biz həm də Avropanın enerji təhlükəsizliyini təmin edirik.
Azərbaycanda həm də günəş və külək enerjisindən istifadə proqramları həyata keçirilir. Azərbaycan tolerant ölkədir, bütün dinlərə və dindaxili məzhəblərə hörmətlə yanaşırıq. ABŞ ilə münasibətlər yüksək səviyyədədir. Təssüflə qeyd etmək istəyirəm ki, Co Baydenin prezidentliyi dövründə belə deyildi. Lakin cənab Trampın hakimiyyətə gəlməsi ilə bu münasibətlər yüksək səviyyədədir. Cənab Tramp güclü liderdir və inanıram ki, ABŞ-ni yenidən qüdrətli dövlət edəcək. Prezident onu da bildirdi ki, Azərbaycan xalqı türkmənşəli xalqdır və bu baxımdan türk dövlətləri ilə əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır və diqqət mərkəzindədir.
İstər qardaş Türkiyə istər Mərkəzi Asiya ölkələri ilə ortaq tarixə malikik. Bu sahədə əməkdaşlığımız bundan sonra da davam edəcək.