Azərbaycana misilsiz xidmət nümunəsi-Prezident cənab İlham Əliyev

Azərbaycana misilsiz xidmət nümunəsi-Prezident cənab İlham Əliyev

Firəngiz Məlikbəyli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxan rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi 

Prezident İlham Əliyev Azərbaycanın gələcəyini hər zaman düşünən, böyük işlər görən və  əvəzsiz siyasi planlar quran bir Liderdir. Bir zaman sonra  ölkəmizin inkişaf edən mənzərəsi fonunda cənab Prezidentin düşüncələrinin reallığa çevrildiyinin şahidi oluruq. Bir çox dövlətin, hətta dünyanın böyük xalqlarının əsrlərlə əldə edə bilmədiyi nailiyyətləri Azərbaycanın dövlət başçısı səriştəsi və idarəçilik qabiliyyəti sayəsində bir neçə ilə qazanmaq bacarığı nümayiş etdirir. Müasir Azərbaycan tarixinin son 21 ili möhtərəm Prezident İlham Əliyevin müəllifliyi ilə yazılan  möhtəşəm nailiyyətlər, dinamik inkişaf və sonsuz zəfərlərlə zəngindir. Bu tarixin hər bir səhifəsi xalqımızın qürur mənbəyidir.

 

Öz hədəflərinə doğru inamla və əmin addımlarla irəliləyən  cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırmış, gözlərimizin önündə Azərbaycan hər gün daha da böyüyərək  gücü, qüdrəti  gündən - günə   artmışdır. Bütün siyasi analitiklərin, ekspertlərin birmənalı mövqeyi ondan ibarətdir ki, cənab İlham Əliyev bu gün nəinki öz xalqının qürur mənbəyi olan böyük rəhbərdir, həmçinin Azərbaycan Prezidenti həm də qlobal miqyaslı şəxsiyyət, dünyanın ən nüfuzlu liderlərindən biridir. Onun iştirak etdiyi tədbirlər, görüşlər, nitq və çıxışları sadəcə Azərbaycan ictimaiyyəti üçün gündəmi təyin etmir. Dövlətimizin başçısının təşəbbüsləri beynəlxalq ictimaiyyətin də ciddi maraq və müzakirələrinə səbəb olur. 

Tarixi və siyasi gedişata nəzər yetirdikdə görərik ki,insan amili, insan faktoru möhtərəm Prezidentin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Azərbaycan dövlətinin rəqabətli insan kapitalı, intellektual cəmiyyət quruculuğu istiqamətində həyata keçirdiyi siyasət məhz bunun nəticəsidir. Ali kürsüdə fəaliyyətinin ilk anından etibarən "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət sayəsində  ölkənin imkanları genişləndikcə sosial müdafiə tədbirlərinin coğrafiyası da durmadan genişlənir, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər dönməz xarakter daşıyır.

Dövlətimizin başçısının sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi mütərəqqi qərarlar, sosial-dəstək paketləri bütün əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına şərait yaratmışdır. Bu dövr ərzində müəyyənləşdirilən strateji kursa uyğun olaraq, respublikamızda maaş və pensiyalar dəfələrlə artmış, sosial müdafiə tədbirləri böyük vüsət almış, sosial infrastruktur quruculuğunun əhatə dairəsi genişləndirilmişdir. Əhalinin həssas və xüsusi qayğıya ehtiyacı olan təbəqələri, şəhid ailələri, müharibə iştirakçıları, müharibədə sağlamlığını itirmiş vətəndaşlarımız ən yüksək dövlət qayğısı ilə əhatə olunmuşlar.  Bütün bunlara layiqli cavab verməyə çalışan xalqımız öz Liderinin arxasında dağ kimi dayanmağa çalışır və yeri geldikcə dəstəklərini əsirgəmirlər.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu yeni dövrün tələblərinə uyğunlaşdıran və  uğurla həyata keçirən, həm Ümummilli Liderimizin etimadını, həm də xalqımızın inamını ən yüksək səviyyədə doğruldan İlham Əliyev 2024-cü ilin Prezident seçkilərində xalqın sevgisinin böyük təzahürünü yaşadı. Etibarlı Azərbaycan xalqı fədakar oğlunu seçkilərdə ürəkdən dəstəklədi və sarsılmaz inamını sübut etməklə güclü Liderinin kim olduğunu bütün dünyaya sübut etdi.

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində  səs verməklə erməni seperatçılarına və bütün dünyaya  Azərbaycanın gücünü göstərdi. Xankəndində və Şuşada keçirilən Prezident seçkiləri tarixi əhəmiyyət daşıyırdı və seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində keçirilməsi keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıtmasına dair layihələrin icra edildiyinin bariz nümunəsi idi.

Postmüharibə dövrünün memarı olan Prezidentimiz   hər şeyi planlı, köklü davam edərkən sülh istəməyən ermənilər təhrikedici, qəbul edilməz siyasəti ilə yaranmış dinc vəziyyəti pozmağa çalışır və hər vəclə məğlub olduqlarını unudaraq addımlar atdılar ki, bütün bunlar   Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan Silahlı Qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymaqla, döyüş mövqelərindən və hərbi postlardan çıxmaqla yekunlaşdı və Azərbaycanın öz suverenliyini elan etməklə nəticələndi.

Bu gün bütün sahələr üzrə  əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. Ümumiyyətlə bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaşdır. Eyni zamanda  ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Ele bu səbəbdəndir ki, ölkəmizə COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu.

Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Həmçinin Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir ki, bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

 Bu gün müstəqil Azərbaycan dövləti çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır. Çünki hər bir azərbaycanlının qürur duyduğu, fəxr etdiyi  Prezidenti var.  Sadə xalq hər zaman Prezidentini yanında və arxasında hiss edir, sevincli günlərdə görüşür və qarşılıqlı sevgidən zövq alır. Prezident cənab İlham Əliyev də bayramlarda, tarixin özəl təqvim günlərində və öz doğum günlərində hər zaman sevdiyi xalqıyla birlikdə olur,  sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür və xalqımız öz liderinin ətrafında bir yumruq kimi birləşərək qələbələrinin sırasına yeni qələbələr yazdırır.

Şübhəsiz hər birimiz inanırıq ki, xalq və rəhbərinin sonsuz birliyindən doğan inamdan, etibardan Azərbaycan gələcəkdə bundan də parlaq günlər yaşayacaq və adını tarixin əbədi var olan dövlətlər siyahısına yazdıracaq.