Elçin Seyfullayev
Suraxanı RİHB-nın Bülbülə QİƏD üzrə nümayəndəsi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Son illər Azərbaycanda məqsədyönlü iqtisadi siyasətin, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində bütün maliyyə mənbələri hesabına əsas kapitala iri məbləğdə investisiyalar yönəldilir. Bunun da nəticəsində nəzərdə tutulmuş bütün infrastruktur layihələri, sosial proqramlar vaxtında və müvəffəqiyyətlə icra olunur, quruculuq işləri gündən-günə sürətlənir.
Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasətinin əsas istiqamətlərindən biri də xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi ilə bağlıdır. Artıq uzun illərdir ki, ölkəmiz xarici investisiyalar üçün cəlbediciliyi ilə seçilir. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyət böhranının mövcudluğu, eləcə də burada hökm sürən qeyri-sabit siyasi vəziyyət xarici investorları ölkəmizə maliyyə vəsaitlərini yatırmaqdan çəkindirirdi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda siyasi sabitliyi bərqərar etmək mümkün oldu. Bu da xarici iş adamlarında Azərbaycana inamı artırdı, onları ölkəmizin iqtisadiyyatına sərmayə yatırmağa sövq etdi. Müasir Dünyada ənənəvi enerji mənbələrindən "yaşıl enerji"yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. Bərpaolunan enerji texnologiyaları sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri "yaşıl enerji" keçidini sürətləndirməkdədir. Hazırda Azərbaycanın iqtisadi hədəfi qazıntı yanacağından asılılığı azaltmaq üçün iqtisadiyyatı şaxələndirməyi davam etdirməkdir.
Belə ki, bəlli olurdu ki, Azərbaycanın qaz yataqlarını işlətməsi və gələcəkdə bərpaolunan mənbələrdən elektrik enerjisi əldə etməsi, ölkəmizə Avropa və dünyada qaz və "yaşıl" elektrik enerjisi ixracatçısı kimi əhəmiyyətini artırmağa imkan verəcək. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanın yaxın gələcəkdə beynəlxalq qovşağa çevrilməsinə və dünya iqtisadiyyatına inteqrasiyasına zəmin yaradır. Bərpaolunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpaolunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur. "Yaşıl enerji"yə keçidlə bağlı atılan mühüm addımlar Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa olunan 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının tikintisi mühüm addımdır. Bunlar ölkəmizin enerjiyə artan tələbatını ödəməklə yanaşı, ixrac imkanlarımızı da genişləndirir. Alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azaldacaq. Enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir.
Dünya siyasətində özünəməxsus yeri olan Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatın bütün sahələrində ölkəmizlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu maraq ölkə rəhbərləri arasında aparılmış danışıqlarda, həmçinin iki dövlətin yüksək vəzifəli rəsmilərinin və iş adamlarının keçirdikləri görüşlərdə bir daha təsdiqlənmiş, bu münasibətlə hökumətlərarası sənədlər imzalanmışdır. Həqiqətən də ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük. Milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var.
Azərbaycan qarşısına qoyduğu mühüm bir məqsədinə çatdı. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalandıqdan sonra stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə həyata kecirildi.
Ölkə başçısı açılış mərasimində çıxış edərək bildirdi ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Verilən məlumatlardan bəlli olmuşdur ki, İlkin hesablamalara görə stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.
Açılış mərasimində qonaqlar arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd naziri, həmçinin qardaş ölkədən böyük nümayəndə heyəti iştirak edirdi. Prezident İlham Əliyev Həyata keçən layihənin əhəmiyyətini xüsusi vurğulayaraq, qeyd etdi ki, ”Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq”.
Açılış tədbirində səsləndirilən çıxış və təqdim olunan məlumatlardan aydın olur ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
Həyata keçirilən nailiyyət Prezident İlham Əliyevin növbəti ugurudur və hər il onun həyata keçirdiyi, reallaşdırdığı digər uğurlu layihələr kimi xalqımız üçün önəmlidir, ölkəmizin qüdrətlənməsi üçün mühüm addımdır.