Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir
Səriyə Əhmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
Ölkəmiz Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yürüdən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər.
Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır.
Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.
İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır.
Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.
Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana 11 səfər etmişdir. Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 səfər etmişdir.
Baş tutan rəsmi səfərlər zamanı nəinki siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir.