Ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir
Kərəm Mehdiyev
YAPSuraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin direktoru
Ulu öndər adi bir şəxsiyyət deyil. O,əsrlərlə yadelli işğallara məruz qalan dövlətçiliyin mirası olan müasir Azərbaycan Respublikasının qurucusu, dünya miqyasında böyük nüfuza malik ictimai xadim, xaotik vəziyyətdə rəhbərsiz qalan Azərbaycan xalqının xilaskarı və bu xalqın rifahı üçün bütün ürəyini və qüvvəsini verən Ulu Öndər, dərin zəkalı bir liderdir.
Heydər Əliyev uzaqgörənliyi sayəsində bilirdi ki, yeni qurduğu, pöhrələnməkdə olan Azərbaycan dövlətinin inkişafı, çiçəklənməsi məhz dövlətin yetişdirdiyi gənc nəslin əlindədir. Müasir gənclər siyasətinin banisi kimi Ümummilli lider çox gözəl anlayırdı ki, Azərbaycanın tərəqqisində,onun siyasi və mədəni həyatında, demokratik dövlətin və azad düşüncəli cəmiyyətin qurulmasında gənclərin rolu çox böyükdür. Hələ keçən əsrin 70-ci illərindən başlanan bu siyasət nəticəsində Sovet İttifaqının hakimiyyəti dövründə Azərbaycan gəncliyi milli-mənəvi keyfiyyətlərə malik bir ruhda, həm vətənpərvər, həm də istedadlı kadrlar kimi yetişdirilirdi. Sovet rejiminin apardığı amansız siyasət nəticəsində xalqlar milli mənliyindən kənar şəkildə yaşadığı halda, Heydər Əliyev Azərbaycan xalqını bu məngənədən xilas etmək üçün, xalqının milli mənəvi şüurunun ölməməsi üçün bir çox tədbirlər həyata keçirmişdir. Ümummilli lider hələ 70-ci illərdə C.Naxçıvanski adına hərbi lisey fəaliyyətə başlamış bununla bərabər yüzlərlə tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblərin fəaliyyət göstərməsi üçün əlindən gələni əsirgəməmişdir. Bəli, rus sovet ideologiyasının qarşısında bunları etmək böyük hünər tələb edirdi, bunu da yalnız Heydər Əliyev həyata keçirə bilərdi.
Sonradan tarix göstərəcəkdir ki, məhz C.Naxçıvanski adına liseyin, hərbi məktəblərin yetirmələri 90-cı illərdə Azərbaycanın müstəqil gələcəyi üçün I Qarabağ müharibəsində şücaət göstərərək Vətənin azadlığı naminə canlarını qurban verəcəklər. Heydər Əliyev çıxışının birində vurğulamışdır: “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri,xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun”.
Bəli, artıq fəxrlə deyə bilərik ki, Azərbaycan gəncləri Azərbaycanı, millətimizi dünya miqyasında örnək verə biləcək qədər yüksək səviyyəyə qaldırmışdır. II Qarabağ müharibəsi zamanı qəhrəman oğullarımızın şücaəti,vətənpərvərliyi, əzmkarlığı qarşısında dünya mediası susqunluğunu saxlaya bilməmiş, hələ bahar çağlarını tam yaşamamış Azərbaycan gənclərinin ölümün gözünə dik baxmalarını,düşmən qarşısındakı yenilməzliyini, döyüş meydanında fatehliyini seyr edərək heyranlığını gizlədə bilməmişdir.Əlbəttə ki,gənclərimizin bu cür ruhda tərbiyə olunmasında təhsil ocaqlarının, belə güclü mənəvi hisslərin aşılanmasında müəllimlərin rolu danılmazdır.
“Məktəbdə gənclərimizi nə qədər yaxşı hazırlasalar, Müstəqil Azərbaycanın gələcəyi də bir o qədər uğurlu olar”,-sitatını illərin təcrübəsinə əsaslanaraq deyən Ulu Öndərimizin gənclərin siyasəti ilə əlaqədar həyata keçirdiyi tədbirləri sistemli azərbaycançılıq, dövlətçilik ənənələrinə uyğun şəkildə təşkil edilmişdir.
Ötən əsrin 90-cı illərində yenicə müstəqilliyə qədəm qoyan Azərbaycanın azadlığının dadını çıxaran gənc nəslin dövlətin mənafeyi naminə yetişdirilməsi istiqamətində bir sıra islahatların, layihələrin həyata keçirilməsinə başlanıldı. ”Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm.Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”,- deyən Heydər Əliyev Azərbaycan uşaqlarının hüquqlarının qorunması və müdafiəsinə xüsusi önəm vermişdir.
Təsadüfi deyildir ki, Liderimizin bu istiqamətdə olan siyasətini dəstəkləyən və onun adını daşıyan Heydər Əliyev Fondunun bu gün də uşaqların hərtərəfli inkişafı,uşaq evlərinə diqqət və qayğının artması,müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların dövlət himayəsi altına alınması,uşaqların sosial rifahının yaxşılaşdırılması,yeni tipli, müasir standartlara cavab verən təhsil müəssisələrinin açılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Fond nəinki ölkəmizdəki gəncləri,həmçinin xaricdə təhsil alan xüsusi istedadı və qabiliyyəti ilə seçilən gənclərimizi də hərtərəfli dəstəkləyərək, onların elmi, praktik potensialının inkişafı istiqamətində köməklik göstərməklə dövlətimizin uğurlu,parlaq tərəqqisinə zəmin yaratmışdır.
1999-cu ildə keçirilən 2-ci Gənclər Forumunda Heydər Əliyev gənclərə müraciət edərək çıxışını belə davam etdirmişdir: ”Siz Azərbaycanın bu günü və gələcəyisiniz.Sizin üzərinizə böyük vəzifə düşür.Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz Müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz Müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik,sizə tapşıracağıq”.
Tam əminliklə deyə bilərik ki, bugünkü XXI əsrin Azərbaycan gəncləri nəinki vətənpərvərliyi,qorxmazlığı ilə digər xalqların gənclərinə örnək kimi göstərilir,həm də sağlam düşüncəli,istedadlı,milli kimliyini dərk edən gənclər kimi öz xalqının mədəniyyətinə,ədəbiyyatına,dilinə,dininə,tarixinə hörmət göstərərərək, bu mənəvi dəyərlərə sahib çıxacaq qədər yüksək potensiala malik, dünya miqyasında böyük imzalar atmış gənclərdir. Xüsusən, müzəffər ölkənin qalib gəncləri Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında bayrağımız önündə birləşərək müasir Azərbaycan gəncliyini daha da inamlı və qürurlu şəkildə təmsil edirlər.