Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabı adekvat və milli maraqlara tam uyğundur
Ənvər Haqverdiyev
YAP Suraxanı rayon təşkilatının əməkdaşı
Son günlər Xocalı rayonun iki kəndi və strateji yüksəkliklərində ordu birliklərimizin dislokasiyası ilə bağlı bölgədə mütəhərrik və qeyri-sabit vəziyyət formalaşmışdır. Ordumuz 10 noyabr bəyannaməsinin konkret olaraq 4 - cü maddəsini yerinə yetirməklə qanunsuz erməni silahlı dəstələrini öz ərazilərindən çıxartmaq işi ilə məşğuldur. Məlumat üçün deyim ki, bəyanatın 4 - cü maddəsində yazılır ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərinə məhz qanunsuz erməni silahlıları oranı tərk etdikdən sonra daxil olur. Azərbaycan bir il yarımdır ki, səbrlə gözləmə mövqeyindən haqqı olanı əldə etmək istiqamətində çox düşünülmüş və zamanı doğru seçilmiş addımlar atır. Azərbaycan Prezidentinin dediyi sözləri heç kim unutmamalıdır. Dəmir yumruq yerindədir. Bundan sonra da hər zaman anti-terror əməliyyatları aparılacaq, sülhü və əməkdaşlığı təhdid edən ünsürlər aradan qaldırılacaqdır.
Rusiya Federasiyası Azərbaycanın yaxın dostu və mütəffiqidir. 23 fevral 2022-ci il tarixində imzalanmış mütəffiqlik haqqında bəyanat da bunun bariz sübutudur. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan, ona hörmət edən Rusiya Federasiyası milli maraqlarımız nöqteyi nəzərindən yanlış addım atmamalıdır və atmayacağını bir daha sübut etdi. Lakin Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi saytında bir neçə dəqiqəlik texniki səhv kimi və yaxud da münasibətləri korlamaq məqsədi ilə kimlərinsə etdiyi qəbul olunmaz hərəkətlərə qarşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabı adekvat və milli maraqlara uyğundur. Rusiya Müdafiə Nazirliyinə rəğmən əks bəyanat vermək və onları öz texniki səhvlərini düzəltməyə çağırmağın özü belə dövlətimizin qüdrətindən xəbər verir. Rusiya qüdrətli dövlətdir. Lakin heç bir halda bu ona dəlalət etmir ki, Azərbaycanın suveren hüquqlarını tapdasın. Cənab Putinin öz imzası ilə təsdiq etdiyi və hər dəfə əməl olunması haqqında öz rəylərini təkrarladığı 10 noyabr bəyannaməsinə əməl olunmalıdır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Qarabağla bağlı sonuncu açıqlaması hətta öz Ali Baş Komandanlarının imzasını inkar etmək kimi də qiymətləndirilə bilər.
Bizim "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidimiz mövcud deyil. Cənab Prezidentin də vurğuladığı kimi “əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində Dağlıq Qarabağ adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın.” Biz münaqişəni və müharibəni bitmiş hesab edirik. Kim bunun əksini iddia etməyə cəhd edirsə mütləq layiqli cəzasını alacaqdır. Biz 30 il sonra da olsa özümüzdə milli təpər taparaq BMT kimi ali orqanın icra edə bilmədiyi 4 qətnamənin icrasını təmin etmişik. Heç kim narahat olmasın hətta sülhməramlılar olmasa belə, yaxud da onlara rəğmən 10 noyabr bəyannaməsinin də icrasını uğurla həyata keçirə bilərik.
Nəticə etibarı ilə Azərbaycanın üçrəngli şanlı bayrağı strateji əhəmiyyətə malik Xocalı rayonunun Fərrux kəndində, Daşbaşı yüksəkliyində və ətraf ərazilərdə dalğalanır. Xankəndi, Xocalı şəhərləri sözün bütün mənalarında ayaqlarımızın altında qalır. Bununla hər bir Azərbaycan vətəndaşı qürur hissi duyur və duymalıdır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, içimizdə olan bəzi ünsürlər Prezidentin ali diplomatik və hərbi bacarığını dərk etməməkdədirlər. Bir neçə dəqiqəlik texniki səhvi, lap deyək ki, hərbiçilər arasında açıqlama qarışıqlığını böyük bir müharibəyə çevirmək niyyətindədirlər. Lakin özləri özlərini ifşa edir və biabır olurlar. Belə çıxır ki, Fərrux kəndində şanlı bayrağımızın dalğalanmağı Əli Kərimli kimilərinə qürur hissi vermir. Sanki oradan çıxsaydıq bu müxalifətə və Əli Kərimliyə daha çox faydalı olardı. Bu xislətləri və anlaşılmaz anti milli mövqeləri ucbatından 90-cı illərin əvvələrində torpaqlarımız işğal olundu. Bu milli məsələdir, düzü inanmaq istəməzdim ki, Xocalıda bayrağımızın asılmağını istəmirlər. Əgər istəyirlərsə, bəs bu açıqlamalar, yazılıb sonra pozulan biabırçı statuslar nəyə, kimə xidmət edir? Bu milli və talehyüklü məsələdə vahid mövqedən çıxış etmək lazım deyildirmi? Bu ünsürlər xalqın qəzəbindən ethiyat etməlidirlər.