Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunu artıran beynəlxalq təşəbbüslərlə çıxış etmişdir
Sailə Salahova,
YAP Pirallahı rayon Təşkilatının fəalı
2022-ci ilin 30 iyun tarixində Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransı keçirildi. Konfransın ölkəmizdə keçirilməsi və 120 Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın 2023-cü ilin axırına kimi Qoşulmama Hərəkatına sədrliyinin uzadılması təsadüfi deyil və Azərbaycana Qoşulmama Hərəkatındakı fəaliyyətinə verilən qiymətdir.
Bu gün Azərbaycanın inkişaf səviyyəsini xarakterizə etmək üçün son 3 ildə fəaliyyətinə və əldə edilən uğurlara nəzər salmaq kifayətdir. Son 19 ildə əldə edilən dayanıqlı iqtisadi inkişaf ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirməklə yanaşı liderlik rolunu gücləndirdi. 2020-ci il pandemiya ilə mübarizə baxımından bəşəriyyət üçün sınaq və çətinliklər ili oldu. Dünyanın ən iri ölkələrində də pandemiya ilə mübarizədə iqtisadi, sosial cəhətdən geriləmələr müşahidə olundu. Azərbaycan düşünülmüş siyasət, qabaqlayıcı tədbirlər nəticəsində 2020-ci ili pandemiya ilə mübarizədə ən öndə gedən dövlətlər sırasında oldu. Azərbaycan Prezidenti İlham Əliyev pandemiyanın ilk günlərindən insanların sağlamlığı amilini önə çəkməklə yanaşı, COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq istiqamətində mühüm islahatlar həyata keçirdi. Heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya əsas hədəf kimi qoyan ölkə başçısı iqtisadi islahatları dərinləşdirdi. Azərbaycan 2019-cu ildən başlayaraq pandemiya ilə mübarizədə yalnız qlobal fəaliyyət nəticəsində uğurlara imza atmağın mümkün olduğunu qeyd edərək, dünya birliyi dövlətlərini bir araya toplamağa müvəffəq oldu. Ölkədə bütün potensial səfərbər olunmaqla 2020-ci ildə pandemiyadan ən az itki ilə çıxan ölkələr sırasında olduq. Pandemiyanın sürətlə yayıldığı sərt karantin dövründə Azərbaycan sədr ölkə olaraq Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatından sonra Qoşulmama Hərəkatının dünyada ən böyük təsisat olduğunu nəzərə alsaq sədr ölkə kimi ölkəmizin nüfuzunun təşkilatdakı uğurlu və bəşəriyyətə faydalı fəaliyyəti ilə bağlı nüfuzunun getdikcə artdığını söyləmək olar. 30 iyun tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Konfransında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasını sədr ölkə olaraq irəli sürdüyü təşəbbüsün üzv dövlətlər tərəfindən dəstəkləndiyini qeyd etdi. Hələ pandemiya ilə mübarizənin ilk günlərindən Azərbaycan bütün iqtisadi və siyasi, diplomatik imkanlarından istifadə edərək Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi etdiyi təkliflərlə liderlik xüsusiyyətləri ilə yanaşı iqtisadi gücünü nümayiş etdirdi. Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verdi.
Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail oldu. Azərbaycan Prezidenti BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri birləşdirməyə, zəngin ölkələri məsuliyyət göstərməyə çağırmışdı.
Pandemiya ilə mübarizənin sonrakı mərhələsində dünya ictimaiyyətini narahat edən məsələ COVİD-19-a qarşı peyvəndlərin xalqlar və dövlətlər arasında bərabər və düzgün bölüşdürülməsi oldu ki, burada da Azərbaycan sədrlik səlahiyyətlərindən istifadə edərək humanist qərarların verilməsi ilə yadda qaldı. Həmin dövrdə vaksinlər uğrunda mübarizənin daha da kəskinləşə və bunun çox faciəvi fəsadlara gətirib çıxara biləcəyini qeyd edən Prezident İlham Əliyev bildirmişdi ki - COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Daim humanist qərarları ilə seçilən Azərbaycan Prezidenti zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isə bu sahədə qazanc dalınca qaçmamağa çağıraraq bir daha sübut edib ki, Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalmış, beynəlxalq hüququ və ədaləti müdafiə etmişdir. Azərbaycanın beynəlxalq qurumların fəaliyyətində özünü məsuliyyətli ölkə kimi aparması və bundan sonra da öz səsini daim ucaldacağını daim vurğulayan ölkə başçısı pandemiya şəraitində müşahidə olunan ədalətsizliklərə qarşı kəskin mübarizə aparmışdır.