BRICS təşkilatı iqtisadi bir təşkilat sayılır.
Vəfa İbrahimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin müəllimi
Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRiC-in qurucu üzvləri Brazilya, Rusiya, Hindistan və Çin olmuşdur. 2010-cu ildə Cənubi Afrikanın iştirakı ilə qrup üzv ölkələrin ingilscə adlarının baş hərfləri ilə BRİCS adlandırılıb. 2023-cü ildə Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata daxil olmuşdur.
BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşılır və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bir bloka çevrilmişdir. Dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən BRİCS nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
Təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsi yolunda addımlar atır. Bununla yanaşı, ölkələrin beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.
Təşkilatın bu ilki sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb. Belə bir mühüm əhəmiyyətli təşkilatın 24 oktyabr tarixində Kazan şəhərində XVI BRİCS sammitində Prezident İlham Əliyev də iştirak etmişdir. Prezident İlham Əliyev çıxışında mühüm əhəmiyyətli mesajlar vermişdir. Cənab İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdiyini qeyd etmişdir. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atdığını, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirdiyini və hərəkata uğurlu sədrlik təcrübəsinin bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək etdiyini vurğulamışdır. Bundan başqa Prezident İlham Əliyev qeyd edib ki, ”Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.”
Prezident İlham Əliyev növbəti ayda Bakıda COP29 keçirilməsi ilə də bağlı çıxış edib. Bu çıxışında Prezident İlham Əliyev qeyd edib ki, ”Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.”
O cümlədən, cənab Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutmuş ikitərəfli görüş beynəlxalq ictimaiyyətin ən çox diqqətində olan məsələlərdən biri oldu. Bu görüş bir daha sübut etdi ki, vasitəçisiz keçirilən ikitərəfli görüşlər daha effektiv və nəticəyönümlüdür. Dövlət başçılarının müzakirə etdiyi sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı məsələlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin sürətlənməsində həlledici rol oynayacaqdır. Beləliklə, BRİCS sammiti Azərbaycana beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində yeni impuls verəcəkdir.