Naidə Əzizova
YAP suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi
Hər il bir çox ölkələrdə 8 Mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra 8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə qeyri-iş günü kimi qeyd olunur. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqsisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadınlarının aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə, idman sahəsində və ordu quruculuğundakı xidmətləri də yüksəkdir.
Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə dəstək olaraq lider qadınlar yetişdirdi. Dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu səbəbdən də Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
1998-ci il sentyabr ayının 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultyı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Ölkəmizdə də 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla öz fəaliyyətini davam etdirir. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən qadın siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 MART-Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və medallarla təltif edir.