Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması xüsusi strateji əhəmiyyət kəsb edir
Mətləb Samidli
Xəzər Universitetinin II kurs tələbəsi
YAP Suraxanı rayon təşkilatının gənc fəalı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni, strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyən fundamental sənəd xarakteri daşıyır. Bu müsahibə, münasibətlərin yalnız rəsmi protokol çərçivəsindən kənara çıxaraq, dərin tarixi, mədəni və mənəvi təməllər üzərində qurulan, sabit inkişaf dinamikasına malik olan çoxşaxəli əməkdaşlığı təhlil etmək üçün əsaslı zəmin yaradır.
Bu müsahibə zamanı cənab Prezident iqtisadi məqamlara da toxunaraq, rəsmi statistik rəqəmlərlə də öz fikirlərini dəstəkləmişdir. Qarşılıqlı investisiyaların artması fonunda 2023-cü ildə ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması xüsusi strateji əhəmiyyət kəsb edir. Bu şirkət tək ikitərəfli layihələri deyil, həm də üçüncü ölkələrdəki sərmayələri nəzərdə tutur.
Ənənəvi əməkdaşlıq (SOCAR-ın ixracatı, "Neftegaztexnologiya" birgə müəssisəsi) davam edir. Lakin 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji mənbələrinin təşviqinə dair imzalanan sənədlər yaşıl enerjinin regional inteqrasiya üçün yeni və prioritet istiqamətə çevrildiyini göstərir.
Siyasi dialoqun nəticəsi olaraq iqtisadi əlaqələrdə misli görünməmiş yüksəliş müşahidə olunur: 2024-cü ildə əmtəə dövriyyəsinin 252 milyon ABŞ dolları təşkil etməsi və 2025-ci ilin ilk 9 ayında bu göstəricinin 87.5 faiz artaraq 319 milyon ABŞ dollarına çatması ikitərəfli iqtisadi əlaqələrdəki sürəti göstərir.
Azərbaycanın qlobal logistika qovşağı kimi rolu güclənir. Tranzit daşımaların həcminin 2024-cü ildə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçməsi, Xəzərin birləşdirici funksiyasını təsdiqləyir. Azərbaycanın infrastrukturu (Ələt Limanı, BTQ, donanma, 9 beynəlxalq hava limanı) Orta Dəhlizin etibarlılığını təmin edir. Prezident cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini vurğulayır.