Azərbaycan ordusu 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etməklə Ermənistan ordusunun belini qırdı

Azərbaycan ordusu 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etməklə Ermənistan ordusunun belini qırdı

Günel Atakişiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 327 nömrəli məktəbin müəllimi

1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs haqqında sazişə baxmayaraq qarşı tərəf ötən 26 il ərzində dəfələrlə bu sazişin şərtlərini pozmuş, işğal altında olan torpaqlardan və Ermənistan ərazisindən ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat əməlləri törətmişdi.İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin dəfələrlə beynəlxalq miqyasda səsləndirdiyi sülh çağırışlarına  baxmayaraq işğalçı dövlət öz murdar niyyətindən əl çəkmək fikrində deyildi. 2020-ci il sentyabrın 27-də Azərbaycan dövləti özünün beynəlxalq hüquqlarını əsas götürərək işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində hərbi əməliyyatlara başladı. 44 gün davam edən tarixi Vətən Müharibəsi Ermənistanın məğlubiyyəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Ordumuzun qalibiyyəti ilə sonuclandı. Düşmən tam məğlubiyyətini etiraf edərək təslimçi sazişi imzalamağa məcbur oldu.

Ölkə Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının prezidenti V. Putin və Ermənistanın baş naziri N. Paşinyanın noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanatda qeyd olunurdu ki, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan əlavə 20 noyabr 2020-ci il tarixinədək Ağdam, 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər, 01 dekabr 2020-il tarixinədək Laçın rayonunun Azərbaycan Respublikasına qaytarılması Bəyanatda öz əksini tapmışdı.

Bəyanatın mühüm bəndlərindən biri "Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi" idi. Noyabrın 10-u gecəsi Azərbaycan xalqına müraciətdə Prezident İlham Əliyev qeyd etdi:" Bu bəyanat bizim şanlı qələbəmizdir, onun imzalanmasının səbəbi parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsidir. İşğaldan azad edilmiş bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq,orada yaşayacaqlar, 30 illik həsrətə son qoyulacaq". Daha sonra ölkə başçısı xalqa bir daha açıqladı ki, noyabrın 9-da Dövlət Bayrağı Günündə 72 yaşayış məntəqəsi düşməndən azad edilib. Bütövlükdə, sentyabrın 27-dən bu günə qədər Azərbaycan ordusu 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etməklə Ermənistan ordusunun belini qırdı.”

Prezident öz çıxışında bir məsələyə xüsusi diqqət yetirdi:" Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq". Üçtərəfli Sazişin imzalanmasından ötən üç il ərzində Ölkə başçısının uzaqgörənliklə söylədiyi bu fikir öz təsdiqini tapdı. Düşmənin murdar xisləti hər an özünü biruzə verir. Amma hər dəfə də öz payını alır. Bu il sentyabrın 21-də Müzəffər Ordumuzun düşmənin növbəti təxribatına qarşı apardığı bir günlük antiterror əməliyyatı Ermənistanı növbəti dəfə diz çökdürdü.

Qarabağ Azərbaycandır!

Vətən uğrunda, Torpaq uğrunda canlarını fəda edən bütün Şəhidlərimizin ruhu şad olsun!