Azərbaycan gənci olaraq hər birimizin borcudur ki, keşməkeşli, çətin, şərəfli və uğurlu yol keçmiş dilimizə sahib çıxaq
Aynur Samiyeva
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin tələbəsi
Dil hər bir xalqın mənəviyyatını özündə əks etdirir və bütün müstəqil dəyərlərin varlığının əsas təminatçısıdır. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir.” Azərbaycan dili də qədim inkişaf tarixinə malikdir. Belə ki, ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizələr aparılmışdır.
Bizim ulu əcdadlarımızın keçmişdə öz əlifbasının mövcud olduğu qədim faktlarla təsdiqini tapıb. Bir müddət İslam dininin ölkədə yayılması ilə əlaqədar olaraq ərəb əlifbasından geniş istifadə olunsa da, buna baxmayaraq ərəb qrafikası Azərbaycan türkcəsinin səs sisteminin düzgünlüyünü, quruluşunu və xarakterini aydın ifadə edə bilməmişdir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan türkcəsi əlifbasının bərpası üçün tarixi şərait yarandı. XX əsrin 80-cı illərində Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan əlifba yaratmaq, Azərbaycan dilinin dövlət dili kimi qanuniləşdiriməsi, onun daha fəal işlədilməsi ümumxalq arzusu olaraq bilinir. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.
Dilçi, alim Afad Qurbanov latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim olmuşdur. Sözsüz ki, Afad Qurbanov və onun kimi bir sıra alimlərin bu sahədə göstərdiyi əvəzsiz xidməti gözardı etmək olmazdı.
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndərimiz yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım olmuşdur.
Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan gənci olaraq hər birimizin borcudur ki, keşməkeşli, çətin, şərəfli və uğurlu yol keçmiş dilimizə sahib çıxaq. Fikrimcə, bu yolda dilçilərimizin, Ulu Öndər Heydər Əliyevin, Prezidentimiz İlham Əliyevin rolu böyük və əvəzsizdir. Unutmayaq ki, bu gün öz dilimizdə azad danışmağı, yazmağı biz uzun mübarizələr nəticəsində əldə etmişik. Prezident İlham Əliyev: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir"
Bizdə öz növbəmizdə söylənilən bu dərin mənalı sözlərin mahiyyətini tam anlamalı və dilimizə - Azərbaycan dilinə sahib çıxıb, onu bütün xarici təsirlərdən qoruyub, bizə əmanət edildiyi kimi gələcək nəsilə əmanət etməliyik.