Açıq dənizə çıxışı olmayan ölkə kimi Azərbaycan bu gün beynəlxalq nəqliyyat mərkəzinə çevrilməkdədir

Açıq dənizə çıxışı olmayan ölkə kimi Azərbaycan bu gün beynəlxalq nəqliyyat mərkəzinə çevrilməkdədir
Tahir Səfərov
Qaraçuxur Bələdiyyəsinin sədr müavini
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost və qardaş Özbəkistana cari ildə ikinci səfəri idi. Təsadüfi deyil ki, dövlət başçısı Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sammitində çıxış edərkən keçən səfərini də xatırlamış və yenidən Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunluğunu bildirmişdir.
Prezident İlham Əliyev çıxışında sammit iştirakçılarına ilk növbədə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermişdir. Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini qeyd etmişdir.
Bu dəhlizlərin hər ikisi Azərbaycandan keçir. İstər "Şimal-Cənub", istərsə də "Şərq-Qərb" dəhlizi ölkəmizin geosiyasi əhəmiyyətini artırır. Odur ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin də "Şərq-Qərb" dəhlizi qədər vacib olacağı qənaətindəyik. Ölkəmiz üçün onlar bərabər dərəcədə önəmlidir.
Bu istiqamətdə işlər, əlbəttə, bir qədər əvvəl görülüb. Lakin Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal olmuşdur ki, bu yolları daha da yaxından nəzərdən keçirsinlər. Təkcə onu qeyd etmək kifayətdir ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətlidir. Çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici yoldur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar.
Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişdir və onu genişləndirmək qərarındadır. Bu gün o, tam gücü ilə işləyir. Lakin bu nəhəng infrastruktur 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır. Bakıda tikilmiş gəmiqayırma zavodu Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa etməyə qadirdir.
Bütün bunları Prezidentimiz tədbir iştirakçılarına qısa və aydın şəkildə çatdırmışdır: "Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşınma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir".
Məlum olduğu kimi, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaranmışdır. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş birinci dövlət proqramına start veriləndən bəri Azərbaycanda 19 min kilometr avtomobil yolu tikilib və ya əsaslı təmir edilib. Bu, hər il min kilometr yeni yol deməkdir. 1400 kilometr dəmir yolunun çəkilişi, yaxud təmiri də son iki onillikdə həyata keçirilib. Bu gün isə işğaldan azad edilmiş ərazilərimizdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilir.
Yeri gəlmişkən qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda geniş infrastruktur qurulur. Yaşayış binalarının inşasına başlanıb. Ağalı kəndi istifadəyə verilib və artıq onlarca sakinini qəbul edib. Beş şəhərin baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyənləşdirilib. Tarixi abidələrin bərpası plan üzrə gedir. Bir sözlə, bu bölgə nəinki Azərbaycan, dünya üçün nümunəvi bölgə olacaq.
Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha təsdiqləyir. Hava limanlarının inşası bu ərazilərdə nəqliyyat infrastrukturunun kompleks həllinin tərkib hissəsidir. Füzuli və Zəngilan hava limanları beynəlxalq statuslu hava limanlarıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır. Belə ki, hava limanları iqtisadi baxımdan vacibdir. Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının reallaşması, burada istehsal olunacaq məhsulların daxili bazara çatdırılması, həmçinin xaricə ixrac edilməsi üçün də hava limanları mühüm əhəmiyyət daşıyacaq.
Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirir. Ümumiyyətlə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həmin yerlərin turizm imkanlarını artıracaq. Nəticə etibarilə Qarabağ geniş nəqliyyat qovşağına çevriləcək.
Təsadüfi deyil ki, dövlət başçısı sözügedən sammitdə demişdir: "Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq". Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də haqlı olaraq qeyd etmişdir ki, ilk növbədə məhz nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycanla regional əməkdaşlığın inkişaf etdirilməsi onlar üçün xüsusi maraq doğurur.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. 2016-cı ildə ölkəmizlə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir.