Azərbaycan güləşinin triumfu: Avropanın zirvəsində ləyaqətli qələbə
Mətanət Qarayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan idman tarixinə daha bir şanlı səhifə yazıldı. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə milli komandalarımızın komanda hesabında qazandığı birincilik ölkəmizin idman qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyət münasibətilə Prezident İlham Əliyevin çempion güləşçiləri qəbul etməsi, qazanılan qələbənin təkcə bir idman uğuru deyil, həm də milli qürur mənbəyi olduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev qəbul zamanı idmançılarımızı və bütün xalqımızı təbrik edərək qeyd etdi ki, müasir dövrdə Avropa və dünya arenasında güləş üzrə rəqabət görünməmiş dərəcədə gərgindir. Bir çox ölkələrin tanınmış idmançılarının iştirak etdiyi bu səviyyəli turnirdə komanda hesabında birinci olmaq Azərbaycan güləşçilərinin yüksək peşəkarlığının göstəricisidir. Dövlət başçısı bəzi qarşılaşmaları şəxsən izlədiyini bildirərək, idmançılarımızın rəqiblərini tamamilə ədalətli mübarizədə məğlub etmələrini xüsusi vurğuladı.
Qələbənin kökündə dayanan əsas amillərdən biri ölkədə idman ənənələrinin qorunub saxlanılmasıdır. Prezidentin çıxışında qeyd olunduğu kimi, hazırda Federasiya rəhbərliyində və məşqçi heyətində vaxtilə mötəbər turnirlərdə ölkəmizi təmsil etmiş Olimpiya çempionlarının yer alması nəsillər arasındakı qırılmaz əlaqəni təmin edir.
"Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları" — İlham Əliyev.
Gənc güləşçilərin tanınmış idmançılarla çiyin-çiyinə böyük nəticələr əldə etməsi, ölkədə məşq və seleksiya prosesinin düzgün qurulduğunu sübut edir.
Bölgələrdəki Olimpiya İdman kompleksləri və ixtisaslaşmış güləş zalları gənc istedadların aşkar edilməsi və onların peşəkar kimi yetişməsi üçün əsas bazadır. Bu infrastrukturun mövcudluğu gələcəkdə daha böyük uğurların təməlini qoyur.
İdman uğurları Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Prezident vurğuladı ki, üçrəngli bayrağımızın beynəlxalq arenalarda dalğalanması hər bir azərbaycanlıda böyük qürur hissi oyadır. Bu qələbələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ən təsirli amillərdən biridir.
"Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir"— İlham Əliyev.