Azərbaycan enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli hədəflər müəyyən etmişdir
Sənan Əliyev
23 saylı şəhər poliklinikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar ki, regionumuzda günəş energetikasının inkişafı daha perspektivlidir.
Əhalimizin artması və iqtisadi inkişaf ilə əlaqədar enerji istehlakıda artmaqdadır. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” resursları Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində hazırlanan konsepsiya və baş plan, o cümlədən, bu ərazilərdə reallaşacaq enerji layihələri, su, külək və günəş enerjisi üzrə tikilməsi və ya bərpası nəzərdə tutulan stansiyalar, eləcə də, ümumilikdə müvafiq sahəyə xarici sərmayələr cəlb edilib.
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğunu vurğulayıb. Arərbaycanda bərpa olunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa ittifaqı tərəfindən artıq yüksək dəyərləndirildiyini bildirib.
Həmçinin, Prezidentimiz bildirib ki, “Biz artıq külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlamışıq və potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurslarımız var”.
Prezident xanım Ursula Fon der Lyayen da çıxışında bildirib ki, “Anlaşma Memorandumumuzun mühüm məqamlarından biri də bərpa olunan enerji ilə bağlıdır. Biz ikitərəfli görüşümüzdə bu mövzunu geniş müzakirə etdik. Bugün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq”.
Günəş və külək enerjisinin azad olunmuş torpaqlarda tətbiq edilməsi ölkəmizin uğurlu siyasətindən xəbər verir. Bu ərazilərdə bərpa olunan enerjidən istifadə etmək daha az enerji istifadə etmək, çirklənməyən hava deməkdir.
Bugün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldiyindən, Qarabağ və Şərqi Zəngəzurun bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Adları çəkilən iqtisadi rayonlarda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də, külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə, bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş – elektrik enerjisinin istehsalı mümkündür.
Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə, “yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir.