Gələcəkdə yeni idarəetmə modelinin ölkəmizin digər hissələrində də tətbiq edilməsi məqsədə uyğundur
Laçın şəhərinin həm döyüş meydanında, həm də siyasi yollarla azad olunması, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi, Ermənistan dövlətinin kapitulyasiyası bizim böyük tarixi zəfərimizdir.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Lakin buna baxmayaraq artıq bu ilin sonuna keçmiş məcburi köçkünlər doğma diyara- Laçın rayonuna yenidən qayıdacaq, onların rahat yaşamaları təmin edəcəkdir. 2400 insan Güləbird kəndində, 1300 insan isə Qorçu kəndində yerləşməsi nəzərdə tutulur. Belə ki, Laçın rayonuna bu il və növbəti il təqribən 10 minə yaxın, bəlkə də daha çox keçmiş məcburi köçkün yerləşdirəcəkdir.
İkinci Qarabağ müharibəsi başa çatan kimi dərhal göstəriş verilmişdir ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmayan Laçın rayonunda Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək beynəlxalq hava limanı inşa edilir. Həmçinin, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid də inşa ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən: "Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır", - Azərbaycan Prezidenti bildirib.
Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var. Hal hazırda Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur, bu layihə artıq həyata keçirilmişdir.
Dövlət başçımız Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin etmişdir. Bu ərazilərdə yeni idarəetmə üsulu da tətbiq edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməsi məqsədə uyğundur. Bu həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur, bu usul təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.