Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Mərziyə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 281nömrəli tam orta məktəbin müəllimi
Ümummilli lider Cənubi Qafqazda enerji təhlükəsizliyinin, siyasi sabitliyin təmin edilməsi üçün çox uğurlu daxili və xarici siyasət yeritmişdir. Hər an vətəndaş müharibəsinə, etnik münaqişələrə, dini münaqişələrə açıq olan bir zamanda Cənubi Qafqaza öz uğurlu siyasəti ilə sabitlik gətirmiş, Azərbaycanı regionun ən etibarlı ölkəsi sırasına daxil etmişdir. Bunun nəticəsidir ki, əksinə ölkəmiz regionda bütün dinlərin, etnik qrupların birgə yaşadığı, heç bir təqib və təzyiqə məruz qalmadığı, tolerant bir ölkəyə çevrilmişdir. Sözün əsil mənasında tolerantlığın gətirdiyi siyasi sabitliyin nəticəsidir ki, dünyanın aparıcı şirkətləri bizimlə iqtisadi və siyasi əməkdaşlıq etməkdədirlər.
Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində beynəlxalq platformalarda haqq səsimizi ucalda bilmiş və 1994-cü ildə “Əsrin müqaviləsi” kimi nəhəng beynəlxalq iqtisadi əməkdaşlığı reallaşdıra bilmişik. 2001-ci ildə Avropa Şurasına üzv olmağımız, NATO ilə əməkdaşlığımız, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan və Rusiya Federasiyası ilə elə siyasi əlaqələr qurulmuşdur ki, bu əlaqələrin təməlləri elə sağlam idi ki, bu gün də bizim varlığımız və gücümüzlə razılaşır və hesablaşırlar. Cənubi Qafqazda Azərbaycan xalqı və dövləti bu gün sahib olduğu qədər gücə və iradəyə heç bir tarixi dövrdə sahib olmamışdır. Bu illərin, əməklə görülən siyasi tədbirlərin nəticəsidir. Bütün haqsızlıqlara baxmayaraq, bu gün hər kəs başa düşür ki, regionda əbədi sülh və əməkdaşlıq olmadan inkişafa nail olmaq mümkünsüzdür.
Bu gündən sonra yaralarımızı ən güclü silaha çevirə də bilərik. Cənab prezident İlham Əliyevin də bildirdiyi kimi tarixi təcrübədə bu heç də mümkünsüz deyildir. Ən qanlı savaşlar, ən dəhşətli müharibələr belə sonra sülhlə nəticələnmiş və haqlı sülhün nəticəsində ölkələrin, xalqların nələr qazandığı da tarixi təcrübə ilə təsdiqlənir. II Qarabağ müharibəsindən sonra prezident İlham Əliyevin də bildirdiyi kimi biz artıq Qarabağ münaqişəsini geridə qoymaq istəyirik, artıq regionda qurula biləcək sülhün haqqında düşünürük. İstənilən dondurulmuş münaqişə xarici müdaxilə üçün açıq qapıdır. Biz artıq Cənubi Qafqazdakı bütün xalqların əmin-amanlığı üçün bu sülhü gec, ya da tez əldə etməliyik. Bu müharibə, münaqişə hər iki tərəfə hər baxımdan itkilər gətirdi. Bu gün qarşı tərəf artıq suverenliyini belə itirəcək həddə gəlib çatıb. Bu onların öz seçimi olub.
Hər enerji layihəsində qarşı tərəfə sülh qarşılığında əməkdaşlıq təklif edilib. Ancaq onlar şovinist düşüncələrindən əl çəkmədən sülhü və əməkdaşlığı rədd ediblər. Əvəzində nə qazanılıb? Aclıq, kasıblıq, iqtisadi, siyasi və hərbi asılılıq. Cənab prezidentin son iki ildir bütün müraciətləri, təklifləri yenə sülh çağırışlarıdır. Çünki biz çox gözəl başa düşürük ki, Cənubi Qafqaza gələn əbədi sülh, əbədi istiqlaliyyət, sonsuz güc, gələcək nəsillərə firavan günlər deməkdir . Onsuz da əsrlərdir, xalqımız kifayət qədər haqsızlıqlar, fəlakətlər yaşayıb. Gələcək nəsillərimizi qorumaq üçün bu fürsəti layiqli dəyərləndirmək lazımdır. Yenə cənab prezidentin bəyan etdiyi kimi biz öz məqsədlərimizə başqa yollarla da çata bilərik və çatmağa da qadir olduğumuzu göstərdik. Nə qədər ki gec deyil, qarşı tərəf də bu reallıqla barışıb, tarixdən nəticə çıxardıb sülhü təmin edəcək şərtlərlə razılaşmalıdır. Tarixi ədalət bizim xalqımıza, coğrafiyamıza layiq olduğu əmin-amanlığı mütləq gətirəcək. Bu qaçınılmazdır. Atılan uğurlu addımlar gələcək firavan günlərin müjdəçisidir. Xalqımızın iradəsi ,siyasi və hərbi uğurlarımız gələcəyə atılan əmin addımlardır.