Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbdə “Dərin Ehtiramla Anırıq” adlı tədbir keçirilib

Anım tədbiri Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnin səslənməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayou, 104 nömrəli tam orta məktəbin direktoru Kərəm Mehdiyev demişdir ki, Vətən Müharibəsi həm də xalqımızın birliyinin bariz nümunəsi oldu. Ön cəbhədə əsgərlərimiz şücaət göstərərkən, arxa cəbhədə hər bir vətəndaş bu qələbəyə öz töhfəsini verdi. Könüllülər ordumuza yardım göstərir, insanlar maddi və mənəvi dəstəyini əsirgəmirdi. Xalqın bu həmrəyliyi göstərdi ki, Azərbaycan dövləti gücünü yalnız ordusundan deyil, həm də öz xalqının birliyindən alır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək bildirmişdir ki, şəhidlərin əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaqdır. Kürsüm Həsənova qeyd etmişdir ki, Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü, 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və tarixi ədaləti bərpa etdi. Prezident cənab İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir.
Şəhid Nürəddin Mirzəzadənin atası Burhan Mirzəzadə dövlətin, Prezident cənab İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının qayğısını xüsusi vurğulayaraq demişdir ki, şəhid ailələrinə qayğı, diqqət cəmiyyətimizdə vətənpərvər ruh formalaşdırır.
Məktəbin tarix müəllimi Cəmalə Hacıyeva çıxış edərək dedi ki, Vətən Müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də milli ruhun, qəhrəmanlığın və vətən sevgisinin qələbəsi idi. Bu gün işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri aparılır, həyat yenidən qayıdır. Azərbaycan dövləti və xalqı bu torpaqlara yeni nəfəs gətirir. Şəhidlərimizin ruhu isə daim ehtiramla yad edilir, qazilərimiz fədakarlıqlarına görə uca tutulur.
Daha sonra məktəbin müəllim və şagird kollektivinin hazırladığı Vətənpərvərlik ruhunda çıxışlar nümayiş olunmuşdur.