Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesajdır
Məlahət Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin direktoru

2021-ci il iyun ayının 15-i Azərbaycan tarixində əlamətdar gün kimi yazıldı. Tariximizdə ilk dəfə olaraq Qarabağın baş tacı olan Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanla görüşdü. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən bu görüş- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm bir tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Şuşaya edilən bu səfərin iki qardaş ölkə başçılarının Qarabağın ən gözəl guşəsində görüşməsinin böyük rəmzi mənası var idi. Şuşada imzalanan bu Bəyannamə Ermənistanda hələ də revanş olmaq barədə düşünən sərsəm düşüncə sahiblərinə və onların havadarlarına böyük bir dərs oldu. Bu Bəyannamə hər iki ölkənin vahid hərbi – siyasi mövqedən çıxış etməsini, ölkəmizin ərazi bütövlüyünə təhdid və təhlükə yaranarsa, qarşılıqlı hərbi yardımları özündə əks etdirən vacib sənəd oldu.

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasını təmin edir, regionda sülhün və sabitliyin bərpa edilməsini Qafqaz dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayır. Bu müqavilə hər iki dövlətin 13 oktyabr 1921- ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edir. Tərəflər hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və təhlükəsizliyinə qarşı 3-cü dövlət tərəfindən hücum edilərsə BMT Nizamnaməsinə uyğun bir-birinə yardım göstərəcəklər. Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. Müntəzəm olaraq tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.

Şuşa Bəyannaməsi Türkiyə Cumhuriyyətinin qurucusu Atatürkün və Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli – mənəvi sərvəti kimi dəyərləndirildiyini bir daha təsdiq etdi.

Bu bəyannamə iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyənnaməsi bütün dünyanın barışmalı olduğu tarixi reallıqdır.

Hər iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyi möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi barəsində razılığa gəlindi. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər. Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer tutur. Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı.

Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasyanın nümunəsidir. Ən əsası bu Bəyənnamə region üçün yeni tarixi gerçəklik və Azərbaycan və Türkiyə qardaşlığının bütün dünyaya bildirən bir mesajdır.