Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib

Anım tədbirində Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru Röya İslamova, YAP Suraxanı rayon təşkilatının nümayəndələri Fərəh Məcidzadə və Dilarə Əzizova, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülşən Şıxlarova, məktəbin tarix müəllimi Aysel Mirzəbəyli, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.
Anım tədbiri Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnin səslənməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru Röya İslamova demişdir ki, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bir çox siyasi, hərbi, vətənpərvər məqamlara toxunaraq Vətən müharibəsində əldə olunan nəticələri təhlil etmişdir. Fərəh Məcidzadə xüsusi olaraq vurğulamışdır ki, Prezident cənab İlham Əliyevin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə ehtiram əlaməti olaraq 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis edilib. Bu, bütün şəhidlərimizin ruhlarına,onların doğmalarına yüksək ehtiramın göstəricisidir. Ölkəmizdə mübariz oğul və qızlarımızın şücaəti hər zaman yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsi uca tutulur.
YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova da o günləri xatırlayaraq Azərbaycanın yalnız döyüş meydanında deyil, həm də ideoloji, psixoloji, mətbuat sahəsində də qalib gəldiyini vurğulamışdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülşən Şıxlarova çıxış edərək dedi ki, ölkənin bütün bölgələrindən olan insanlar bir bayraq altında birləşdi. Hər kəs cəbhədəki əsgərə dəstək vermək, dövlətin yanında olmaq üçün əlindən gələni etdi. Bu milli birliyin formalaşması uzun illər boyu yürüdülən düzgün siyasətin və xalqın dövlətinə olan inamının nəticəsi idi.Vətən müharibəsi Azərbaycan tarixində qürurla xatırlanacaq bir səhifədir. Bu müharibə bizə göstərdi ki, yalnız birlik, vətənpərvərlik və qətiyyət sayəsində ən çətin hədəflərə çatmaq mümkündür.
Məktəbin tarix müəllimi Aysel Mirzəbəyli çıxış edərək dedi ki, Azərbaycan xalqı olaraq bu tarixi qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur. Çünki bu zəfər təkcə keçmişin deyil, həm də gələcəyin möhkəm təməlidir.
Daha sonra məktəbin müəllim və şagird kollektivinin hazırladığı Vətənpərvərlik ruhunda çıxışlar nümayiş olunmuşdur.