Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadi potensiala və ən zəruri infrastruktura malik ölkədir.
"Dental Clinic" stomatoloji mərkəzin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək, dövlətin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur. Bu baxımdan da, hər bir ölkə yanacaq-enerji resursları bazasının genişləndirilməsi və onlardan daha səmərəli istifadəni təmin etmək üçün milli enerji strategiyaları işləyib hazırlayırlar. Qlobal iqtisadi artım hər il yüksələn enerji resurslarının mənimsənilməsi ilə təmin olunur. Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadi potensiala və ən zəruri infrastruktura malik ölkədir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Azərbaycanın enerji layihələri Avropa Komissiyası ilə səmərəli və məhsuldar əməkdaşlıq əlaqələrinin inkişafını şərtləndirən amillərdəndir. Regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və gələcəkdə digər bazarlara da çıxacaq. Bu baxımdan hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu son dərəcə mühümdür və xüsusilə qlobal beynəlxalq siyasi nizamın hazırkı mərhələsində getdikcə artmaqdadır. Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri də dəfələrlə Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdə vurğulayıb: Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdi.
Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir.