Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdır
Yeganə Maqsudova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı düzgün idarəetmə amili ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi ilə dövlət idarəetməsinin ən uğurlu modellərini tətbiq etməkdədir. Prezident İlham Əliyevin bu istiqamətdə cari il okyabr ayının 31-i tarixli Soçi səfəri bir sıra mühüm məqamlarla yadda qaldı.
Cənubi Qafqazda sülh, təhlükəsizlik, qarşılıqlı əlaqələrin gücləndirilməsi, birgə meqa layihələrin həyata keçirilməsi, sabitliyin, inkişafın təmin olunması, əməkdaşlıq və bir sıra başqa məsələlərin müzakirəsi mütəmadi olaraq ölkə Prezidentinin səfərlərində öz yerini tutur. Bu nöqteyi-nəzərdən Soçi səfəri çərçivəsində həyata keçirilən bütün danışıqlar regionun gələcək inkişafının təmin olunması üçündür.
Görüşdə qeyd olundu ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. Həmçinin Azərbaycan ilə Ermənistan münasibətlərin normallaşması və regionda davamlı sülhün əldə olunması üçün 5 əsas prinsipin irəli sürüldüyü görüş Azərbaycanın sabitliyə, Beynəlxalq hüquq və normalara sadiqliyini bir daha bəyan edib. Çünki regionda davamlı ədalətli sülhə, qarşılıqlı anlaşmaya nail olmaq istəyi həmişə Azərbaycanın mövqeyi olub. Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdır. Bütün region ölkələri üçün bu ən əlverişli mövqedir. Ölkələr arasında yaranacaq mehriban qonşuluq münasibətləri regionun iqtisadi cəhətdən inkişaf etməsinə çox böyük töhfələr verəcəkdir.
Dövlətimizin başçısı regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmağa xüsusi önəm verib .Rusiya Prezidentinin münasibətlərin normallaşdırlması istiqamətində “Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir”- deməsi bunu deməyə əsas verir ki, Rusiya Ermənistanla münasibətlərin normallaşması istiqamətində Azərbaycanın irəli sürdüyü bu beş əsas prinsipi dəstəkləyir. Bu müsbət hal kimi dəyərləndirilməlidir.
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatdır”, - deyən ölkə başçısı Prezident İlham Əliyev Beynəlxalq hüquq və normalara sadiqlik ənənəsinə uyğun ədalətli mövqeyini bir daha ortaya qoymuş oldu.
Bu gün Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti, dövlət idarəetmə bacarığı müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.