Füzuli şəhəri - tarixi-dini abidələrlə zəngin məkan

Füzuli şəhəri - tarixi-dini abidələrlə zəngin məkan
Fuad Rəhimov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Yeni Suraxanı bələdiyyəsi sədrinin vəzifəsini müvəqqəti icra edən
Bildiyiniz kimi, Vətən müharibəsinin 21-ci günü, 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli şəhəri 1386 kv.m. əraziyə malik olmaqla əhalisi təxminən 144 min nəfərdir. Füzuli rayonunun inzibati mərkəzi 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımışdır. Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XI əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdı.
Ümummilli lider Heydər Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz 5 yanvar 1994-cü ildə hücum əməliyyatına başlayaraq rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
“Böyük Qayıdış” proqramı çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan yeni məktəb inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Cari ilin mart ayında isə istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Füzuli şəhərinin azyaşlı sakinlərinə yaradıcı imkanlar və incəsənət sahəsində təhsil almaq imkanı təmin etmək məqsədilə inşa edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın və Qazaxıstanın Füzulidə böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib. Bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar.