Cəbrayıl dedikdə, ilk ağlımıza gələn Xudafərin körpüsüdür

Cəbrayıl dedikdə, ilk ağlımıza gələn Xudafərin körpüsüdür

Vüsalə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

“Suraxanı OYL OK.S.A”Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mühəndisi

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Bu gün mən böyük qürur hissi  bildirirəm ki, 2020-ci ilin bu günü – 4 oktyabr tarixində 30 illik həsrətə son qoyulmuş, Cəbrayıl şəhəri yağı tapdağından azad olunmuşdur. Müzəffər Ordumuz, polad iradəli xalqımız və Ali Baş Komandanın vəhdəti ilə başlayan uzun, mübarizəli yol bizim Böyük Zəfərimizlə başa çatmışdır. Azərbaycan Silahlı Qüvvələrinin 2020- ci il sentyabrın 27- də başladığı əks-hücum nəticəsində aparılan böyük hərbi əməliyyatları  ilə oktyabrın 4- də Cəbrayıl şəhəri erməni işğalından azad olundu.  Rəşadətli Ordumuzun zəfərə gedən yolunda mühüm qələbələrdən biri də Cəbrayıl şəhərinin düşməndən təmizlənməsi oldu. Xalqımız bu xəbəri böyük coşğu ilə qarşıladı və Cəbrayıl işğaldan azad edilən ilk şəhərimiz kimi Zəfər tarixinə həkk olundu. Beləliklə, Vətən Müharibəsinin ilk ən böyük zəfəri Cəbrayılın alınması oldu!

Cəbrayıl dedikdə, ilk ağlımıza gələn Xudafərin körpüsüdür. Azad olunmuş Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Möhtərəm Prezident  İlham Əliyev Azərbaycan bayrağını qaldırdı. Hər kəsə məlumdur ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.

Təəssüflər olsun ki, işğal illərində Cəbrayıl tamamilə dağıdılıb, orada yalnız işğalçı ölkə hərbiçilərinin istifadə etdiyi tikililər, qərargah binası mövcud olub. Ancaq inanırıq ki, yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək. Cəbrayıl rayonunda  yenidənqurma və bərpa işləri operativ şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün şərait yaradılır. Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar.  Ancaq bugünkü tarix heç zaman unudulmayacaq.

Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır, Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Vətən torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Vətənpərvər Azərbaycan oğullarına - qazilərimizə, veteranlarımıza  sağlam ömür və cansağlığı arzulayırıq. Nə qədər ki, bu Vətənin, bu yurdun Mübarizləri, Poladları, İlqarları var, Azərbaycan bayrağı hər zaman zirvələrdə dalğalanacaqdır!

 

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!