Böyük etimadı doğrultmaq lazımdır

Böyük etimadı doğrultmaq lazımdır
Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor əvəzi

12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edib. Dövlət başçısı çıxışında görülən işlər, qarşıda duran vəzifələr və idarəetmədə əsas prinsiplər barədə mühüm fikirlər səsləndirib.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, təyin olunan rəhbər şəxslərə böyük etimad göstərilir və bu etimadın doğruldulacağına əmindir:  “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.”

Dövlət başçısı bildirib ki, ölkənin bütün bölgələrində infrastruktur layihələri demək olar ki, başa çatdırılıb, magistral yollar müasir standartlara cavab verir, içməli su layihələri isə geniş şəkildə icra olunur. Prezident vurğulayıb ki, sosial ədalət prinsipi idarəçiliyin əsas istiqamətlərindən biri olmalıdır. “Əsas prinsip sosial ədalət prinsipidir. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.”

Prezident İlham Əliyev ekologiyanın qorunmasının və məşğulluğun artırılmasının mühüm məsələlərdən olduğunu qeyd edib: “Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir. Bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir.”

Prezident, həmçinin, məmur korpusunda aparılan islahatların nəticəsində vəziyyətin böyük dərəcədə sağlamlaşdırıldığını vurğulayıb: “Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.”

Prezident İlham Əliyev çıxışında son illərdə paytaxtda və bölgələrdə həyata keçirilən iri layihələrə də toxunub. O, Bakıdakı Qara şəhər ərazisinin yenidən qurulmasını uğurlu şəhərsalma nümunəsi kimi dəyərləndirib:  “Qara şəhəri Ağ şəhərə çevirdik.”

Prezident sonda təyin olunan məmurlara fəaliyyətlərində uğurlar arzulayaraq, xalqın etimadını qazanmağın hər bir rəhbərin əsas vəzifəsi olduğunu bildirib:  “Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.”