Könül Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktoru
Tarixdə elə günlər var ki, zaman keçsə də, onların izi heç vaxt silinmir. 28 May – məhz belə bir gündür. Bu tarix təkcə bir dövlətin yaranması deyil, bir millətin azad yaşamaq haqqının bərqərar olması deməkdir. 1918-ci ilin mayında Azərbaycan xalqı dünyaya öz sözünü dedi: “Biz varıq, biz azadıq və biz öz dövlətimizi qururuq!”
Azərbaycan Xalq Cümhuriyyəti – bu iki söz əslində bir millətin minillik arzularının, azadlıq mübarizəsinin nəticəsidir. Şərqdə ilk demokratik respublikanı yaratmaq, qadınlara seçki hüququ vermək, milli ordu, universitet, bayraq, pul vahidi və digər dövlət institutlarını qurmaq. Bunlar yalnız uzaqgörən siyasətçilərin deyil, həm də xalqın iradəsinin göstəricisidir.
Bəli, cəmi 23 ay yaşadı cümhuriyyət. Amma bu qısa ömür sonsuz bir yolun başlanğıcı oldu. O yol ki 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası həmin ideyalarla addımlamağa davam etdi. Bu gün biz həmin ruhun daşıyıcılarıyıq. Hər dəfə üçrəngli bayrağımız göylərdə dalğalananda, hər dəfə “Azərbaycan” deyə səslənəndə biz o günə – 28 May 1918-ci ilə borcluyuq.
Unutmayaq: müstəqillik verilmir, qazanılır! Bu gün əldə etdiyimiz azadlığı qorumaq, onu daha da möhkəmləndirmək bizim nəsillərin üzərinə düşən müqəddəs vəzifədir. 28 May – təkcə bir bayram deyil, həm də düşünmək, dəyərləndirmək və vətəndaşlıq məsuliyyətini hiss etmək günüdür.
Qoy bu tarix hər birimizin yaddaşında azadlığın, milli birliyin və vətən sevgisinin rəmzi kimi yaşasın!