Rəsmiyyə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktor müavini
Bildiyimiz kimi Cənab Prezident İlham Əliyevin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuatda bəyanatı olmuşdur. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərimizin dərinləşməsinə töhfə verəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, çəkisini daha da artırır, yeni uğurlara yol açır. Bütün sahələrdə əldə edilən nailiyyətlər, gündən-günə genişlənən beynəlxalq əlaqələr kifayət qədər önəmli hadisələrlə yadda qalır. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. Siyasi dialoqa hər zaman çox önəm verən, regionda və dünyada sülhün tərəfdarı olan ölkəmizin dünya dövlətləri ilə səmərəli və qarşılıqlı əməkdaşlığı inkişaf etməkdə davam edir. Son dövrlərdə istər cənab Prezidentin xarici ölkələrə işgüzar və rəsmi səfərləri, istərsə də digər dövlətlərin dövlət və hökumət başçılarının Bakıya rəsmi səfərləri Azərbaycanın xarici dövlətləri ilə yüksələn xətt üzrə inkişaf edən münasibətlərinin və yaxın əlaqələrinin göstəricisidir.
Ölkələr arasında ikitərəfli qarşılıqlı münasibətlərin formalaşmasında və inkişaf etməsində rəsmi səfərlərin, xüsusən dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin rolu çox böyükdür. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz ölkə olaraq öz öhdəsinə götürdü. Bu da qardaşlığımızın bir göstəricisidir.
Bildiyimiz kimi Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”ni imzaladılar.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qırğız energetika naziri Taalaybek İbrayev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və Qırğızıstan iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”nı imzalayıblar.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstan rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”u və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i imzalayıblar. Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Qırğızıstanın ədliyyə naziri Ayaz Bayetov “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”i imzalayıblar.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qırğızıstanın təhsil və elm naziri Doqdurkul Kendirbayeva “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Qırğızıstanın əmək, sosial təminat və miqrasiya naziri Qulnara Baatırova “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”i və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i imzalayıblar.
Dövlət başçısı İlham Əliyev bildirib ki, Qırğız Respublikası ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında münasibətlərin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.
Qırğız Respublikasında 20 minə azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim var. Daha 3 soydaşımız isə Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilib. Tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardandır. Təsadüfi deyil ki, məşhur yazıçının 85 və 90 illik yubileyləri ilə bağlı Azərbaycanda tədbirlər keçirilib.
Müasir dövrdə Azərbaycan-Qırğızıstan münasibətlərinin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.
Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əməkdaşlığın geniş perspektivləri var və gələcək illərdə mövcud potensialdan tam istifadə üçün daha böyük addımlar atılacaq.
Belə səfərlər göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var.