Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Hövsan Bələdiyyəsinin sədri
Dörd bir tərəfdən dağlarla əhatə olunan, yurdumuzun dilbər guşəsi ana təbiətin canlı muzeyi sayılan, Zirvəsində qartalları qanad çalan, dağ silsilələri öz ətəklərini sanki xalı kimi ayaqlarının altına sərən Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğala məruz qalıb. Hərbi təcavüz və işğal nəticəsində rayonun 58 mindən artıq əhalisi məcburi köçkün taleyi yaşayıb, dinc əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Erməni işğalı insanların taleyinə ağır zərbələr vurub, işğalçılar Kəlbəcərdə qanunsuz məskunlaşma aparıblar.
Düşmən azərbaycanlılara qarşı törətdiyi bütün cinayətlərə və işğala cavab verməli idi. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi qəhrəman Silahlı Qüvvələrimizin bölmələri tərəfindən işğalçılardan azad edildi. Vətən müharibəsində silahlı qüvvələrimizin düşmən üzərində qazandığı tarixi qələbədən sonra məğlub edilən və diz çökdürülən Ermənistan məcbur edildi ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunu bir güllə atılmadan Azərbaycana qaytarsın. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Buradan qaçmağa məcbur olan qeyri-qanuni sakinlərin rüsvayçı hərəkətləri və barbar davranışları bir daha kim olduqlarını dünyaya göstərdi. Bir sözlə çirkin erməni xəbisliyi öz murdarlığını bir daha göstərmiş oldu.
Ali Baş Komandanımız İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi qələbəmizi təmin edən həlledici amillərdən oldu. Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi.
44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan əsgərinin sarsılmaz iradəsi gənclərimiz üçün nümunə olmuşdur. Vətən müharibəsində gənclərimizin göstərdiyi fədakarlıq, həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi, bəşəri əhəmiyyət kəsb etdi. Döyüşlərdə yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasına çevrildi, ürəkləri sızlatdı. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanına çevrilərək müqəddəsləşdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.