Azərbaycan və Mərkəzi Asiya Birlikdə Gələcəyi Qurur

Azərbaycan və Mərkəzi Asiya Birlikdə Gələcəyi Qurur

Kəmalə İbrahimova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 327 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

​Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı və imzalanan sənədlər sadəcə növbəti diplomatik görüş deyil, əsrlərə söykənən tarixi köklərimizin müasir dövrdə sarsılmaz strateji birliyə çevrilməsinin bariz xəbərçisidir. Ötən ilin noyabrında Azərbaycanın bu məşvərət formatının tamhüquqlu üzvü olması regionumuzun siyasi, iqtisadi və mənəvi gücünü keyfiyyətcə yeni mərhələyə qaldırdı.

Bu gün ölkəmiz Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradır, energetika və nəqliyyat-loqistika sahələrində qlobal əhəmiyyətli layihələr həyata keçirir, Türkmənistanla isə Xəzər üzərindən strateji əməkdaşlığı dinamik şəkildə genişləndirir. Bu böyük coğrafiyada atılan hər bir addım regionumuzun təhlükəsizliyinə və firavanlığına xidmət edir.

​Ancaq bir pedaqoq və məktəb rəhbəri kimi mənim üçün bu böyük dövlətlərarası birliyin ən təsirli, ən qürurverici məqamı işğaldan azad olunmuş torpaqlarımızda ucalan təhsil ocaqlarıdır. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Mərkəzi Asiyadakı qardaşlarımız sadəcə dəstək ifadə etmədilər, ən qiymətli xəzinəni — gələcəyimiz olan uşaqların təhsilini hədəf seçdilər.

Özbəkistanın Füzulidə inşa etdiyi Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın töhfəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda ucaltdığı Manas adına məktəb sadəcə müasir binalar deyil, xalqlarımız arasında əbədi qurulan mənəvi dostluq və qardaşlıq körpüləridir.

​Bu məktəblərdə oxuyan hər bir şagird Uluqbəyin elm işığını, Kurmanqazının sənət ruhunu, Manasın igidlik irsini və Azərbaycanın məğrur Zəfər tarixini eyni anda mənimsəyəcək. Liderlərimizin siyasi iradəsi, iqtisadi və energetika layihələri dövlətlərimizin maddi qüdrətini artırırsa, azad torpaqlarımızda ucalan bu təhsil ocaqları ruhumuzu, mənəviyyatımızı və gələcək nəsillərin taleyini birləşdirir. Biz təhsil işçilərinin üzərinə düşən mühüm vəzifə isə bu tarixi birliyi şagirdlərimizə aşılamaq, onları həm öz köklərinə bağlı, həm də qardaş xalqların zəngin mədəniyyətinə hörmət edən şəxsiyyətlər kimi yetişdirməkdir.

Birlikdə daha güclüyük, gələcək isə savadlı və birliyə inanan gəncliyimizindir!

 

Paylaş