Azərbaycan və İtaliya arasında isti münasibətlər
Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb edir.
Məlumdur ki, dünyada artan qeyri-sabitlik fonunda etibarlı tərəfdaşlıqlar daha da önəmli olur. Azərbaycan-İtaliya əlaqələri belə sabit və etibarlı münasibətlərə nümunədir. Bu, xüsusilə, yaxın Şərq və regiondakı gərginliklər və Avropanın enerji təhlükəsizliyi məsələləri ilə əlaqəlidir. İtaliyanın Azərbaycan üçün əhəmiyyəti onun təkcə qlobal iqtisadi güc olmasından deyil, həm də regional və beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipial mövqedən qaynaqlanır. Belə ki, İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında Azərbaycan ilə strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir.
İkitərəfli münasibətlərdə energetika sahəsi xüsusi yer tutur. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından və enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlığa malik olduğu ölkələrdən biridir. Azərbaycanın ixrac etdiyi təbii qazın əhəmiyyətli hissəsinin İtaliya bazarına yönəldilməsi bu əməkdaşlığın real göstəricisidir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi çıxış edir və ikitərəfli ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Bu göstərici iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir.
İki ölkə arasında tərəfdaşlığın ən mühüm və diqqətəlayiq istiqamətlərindən biri də İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəal iştirakıdır. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlərin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdikləri 23 layihə iqtisadi əməkdaşlığın coğrafiyasını genişləndirir və bərpa prosesinə mühüm töhfə verir. İtaliya şirkətləri bu layihələrdə fəal iştirak etməklə xarici tərəfdaşlar arasında aparıcı mövqelərdən birini tutur və qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir.Eyni zamanda, hərbi-texniki əməkdaşlıq, birgə istehsal imkanları və texnologiya transferi ilə bağlı müzakirələr əlaqələrimizin şaxələndiyini nümayiş etdirir.
Bunlarla yanaşı mədəni və akademik əlaqələr də genişlənir, bunu Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq nümayiş etdirir ki, bu da növbəti uğur mərhələsinə çevrilərək bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı zənginləşdirə bilər.
Beləliklə görürük ki,Azərbaycan–İtaliya münasibətləri bu gün strateji tərəfdaşlıq əsasında qurulan, enerji, iqtisadiyyat, sənaye və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq modelidir. Qarşılıqlı maraqlara əsaslanan bu əlaqələr gələcəkdə daha da genişlənəcək və regional əməkdaşlıq mühitində mühüm rol oynamağa davam edəcəkdir.