AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ YENİ TÖHFƏ
Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru
Bu gün Azərbaycan sürətlə dinamik inkişaf yoluna qədəm qoyub. İndi bütün sahələrdə tərəqqini aydın görmək olar. Ötən illərə qayıtsaq görərik ki, hələ sovet dövründə Azərbaycan iqtisadiyyatının yüksəldilməsi yolunda həyata keçirilən bir çox layihələr respublikamıza böyük uğurlar gətirmişdir. Mingəçevirdəki İstilik Elektrik Stansiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərliyi dövründə Azərbaycanın energetika sahəsinin inkişaf etdirilməsi ilə bağlı sovet rəhbərliyi qarşısında məsələ qaldırmışdı. Nəhayət, 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar da qəbul edilmişdi. Ötən illərdə Mingəçevirin sovet məkanında çox böyük sənaye mərkəzinə çevrilməsi də Ulu Öndərin adı ilə bağlı olmuşdur. Beləcə, 1976-cı ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanın böyük sənaye şəhəri olan Mingəçevirdə elektrik stansiyasının təməli qoyuldu. 1981-ci ildə ümummilli lider Heydər Əliyev həmin stansiyanın birinci blokunun açılışında iştirak edir. Sonradan Ulu Öndərin diqqəti sayəsində Mingəçevir şəhəri Qafqazın enerji mərkəzi kimi tanınır.
Xalqin təkidi ilə Heydər Əliyevin Azərbaycana qayıdışından sonra, xüsusən müstəqilliyin ilk illərində Mingəçevir Elektrik Stansiyası yenidən ölkəni elektrik enerjisi ilə təmin etdi. Ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub. 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.
Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasimi keçirildi. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək qeyd etdi ki, “bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Cənab İlham Əliyev çıxışında həm də bildirdi ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır.
Hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Sadəcə olaraq, müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi.
Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı. Bugünkü mərasim və 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya inşa edilmişdir, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir.
Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni, biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır”.
İnanırıq ki, Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan İstilik Elektrik Stansiyası gələcəkdə Azərbaycan iqtisadiyyatında yeni uğurlara yol açacaqdır.