ATƏT-in Minsk qrupunun 28 il ərzində fəaliyyəti sıfıra bərabərdir
Qazaxıstan Respublikasının Müstəqil Dövlətlər Birliyinə sədrliyi çərçivəsində oktyabrın 14-də Qazaxıstan Respublikasının dövlət başçısı Qasım-Jomartın rəhbərliyi ilə paytaxt Astanada MDB dövlət başçılarının sammiti keçirilmişdir. İclasda bir sıra mühüm sənədlər imzalanıb. Bu mühüm tədbirdə postpandemiya dövründə ilk dəfə olaraq bütün MDB dövlətlərinin başçıları üz-üzə iştirak etmişdilər. Bu tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan liderləri, həmçinin MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Prezident İlham Əliyev iclasdaki çıxışında bir sıra mühüm məsələlərə toxunmuşdur. İlk növbədə həmkarlarını regionda baş vermiş son hadisələrlə bağlı məlumatlandıran Prezident, ATƏT-in Minsk qrupunun 28 il ərzində fəaliyyətinin sıfıra bərabər olmasını bir daha qeyd etmişdir.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb.” – Prezident İlham Əliyev çıxışı zamanı qeyd etmişdir.
İlham Əliyev oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə təşkil olunan dördtərəfli görüşdə alınan qərarlardan da danışmışdır. Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunmuşdur. Missiyanın məqsədi delimitasiya ilə bağlı məsələlərdə kömək göstərməkdir.
Həmçinin iclasda İlham Əliyev Azərbaycanın Parisdəki səfirliyinə 2 dəfə basqın edilməsi hadisəsinə də toxunmuşdur. “Birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı.”