“ASAN” dövlət xidmətləri sisteminin Kambocada böyük maraq doğurması qürurvericidir

“ASAN” dövlət xidmətləri sisteminin Kambocada böyük maraq doğurması qürurvericidir
Şəhanə Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 172 nömrəli tam orta ümümtəhsil məktəbinin əməkdaşı

Kamboca Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri coğrafi cəhətdən uzaq, fərqli tarixlərə və iqtisadi strukturlara malik, lakin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün çox real imkanlara malik iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələdir.

Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sıx əməkdaşlıq edir, beynəlxalq platformalarda bir-birini ardıcıl olaraq dəstəkləyirlər. İkitərəfli təmasların intensivləşdirilməsi barədə əldə olunmuş razılıq xarici siyasət prioritetlərimizin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Parlamentlərarası əlaqələr müstəvisində də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkənin qanunverici hakimiyyət orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etmişdir. Bu uğur Cənub-Şərqi Asiya regionunun Azərbaycan üçün daşıdığı geostrateji əhəmiyyətin və xarici siyasətimizin prioritetlərinin bariz nümunəsidir.

Ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsi hələlik aşağı səviyyədə olsa da, Baş nazirin rəsmi səfərindən sonra bu sahədə ciddi canlanmanın olacağı gözlənilir. İqtisadi əməkdaşlığın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması ticarət və investisiya imkanlarının genişləndirilməsinə xidmət edəcəkdir.

Məsafə amili və məlumat çatışmazlığı kimi maneələrin aradan qaldırılması üçün Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu mühüm platformadır. Bu forum hər iki ölkənin iqtisadi və investisiya prioritetlərini daha yaxından tanımasına, sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılmasına, habelə turizm və nəqliyyat-logistika sahələrində sıx əlaqələrin qurulmasına zəmin yaradır.

Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması xalqlarımızı birləşdirən tarixi amillərdəndir. Bu gün həmin ənənələrin bərpa edilməsi, qarşılıqlı təhsil imkanlarının yaradılması humanitar əlaqələrin və insan kapitalının inkişafına böyük töhfə verəcəkdir.

Eyni zamanda, Azərbaycanın brendinə çevrilmiş, cəmiyyətimizdə 100 faizə yaxın müsbət qiymətləndirilən “ASAN” dövlət xidmətləri sisteminin Kambocada böyük maraq doğurması qürurvericidir. Bir çox dost ölkələrdə uğurla tətbiq olunan bu modelin Kambocaya inteqrasiyası rəqəmsal transformasiya sahəsində ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəkdir.

 

Paylaş