Natiq Həsənov
Vətən cəmiyyətinin fəal nümayəndəsi
Şuşa Laçın yolunda Rusiya Sülh məramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Ərazilərində Təbii Sərvətlərin qeyri-qanuni istismarı və ekoloji vəziyyətin pisləşməsi ilə bağlı monitorinq keçirilməsi məqsədi ilə Azərbaycanın dövlət qurumları, Vətəndaş Cəmiyyəti və QHT nümayəndələri ilə birlikdə etiraz aksiyası təşkil olunmuşdur. Bu aksiya həqiqətə doğru atılmış bir addımdır.
3 dekabrdan başlayaraq dövlət qurumları ilə Rusiya Sülhməramlı kontingenti arasında danışıqlar aparılmasına baxmayaraq hələdə monitorinqin keçirilməsinə Rusiya Sülhməramlıları tərəfindən şərait yaradılmır. Bu da haqlı olaraq, Azərbaycan vətəndaş cəmiyyətinin və ictimaiyyətinin narazılığına səbəb olur. Qeyri-hökumət təşkilatları və bir qrup Azərbaycanlı ekoloqlar da gecə və gündüz və şaxtalı havalara baxmayaraq Laçın-Şuşa yolunda etiraz aksiyasına qoşulmuşdur.
Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ətraf mühitə, su mənbələrinə dəymiş zərəri və riskərin qiymətləndirilməsi məqsədi ilə işçi qrup yaradılıb. Aksiya iştirakçıları tərəfindən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirilmişdir. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dağlarda əks-səda doğurduğundan düşmənlər qorxuya düşmüşlər. Erməni tərəfinin iddia etdiyi kimi Laçın-Şuşa yolu Azərbaycanlı etirazçılar tərəfindən deyil, Sülhməramlı kontingentlər tərəfindən bağlanılıb. Azərbaycan tərəfi isə təbii sərvətlərimizin qanunsuz daşınmasının qarşısının alınmasına çalışır.
Kriminal iş adamı Ruben Vardalyanın bu talanmada iştirak etməsi yol verilməzdir.Azərbaycan tərəfi Xankəndində yaşayan erməni sakinlərini qaz, su və işıq təminatını dayandırmayıb və humanitar yardımın keçirilməsinə heç bir maneə törətməyib. Etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.Bundan başqa, etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.
Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilib. Aksiya iştirakçılarına ictimai dəstək isə günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.