8 noyabr Şuşa Şəhəri Günüdür

8 noyabr Şuşa Şəhəri Günüdür

Rəşad Mürşüdov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı RİH- nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Azərbaycanın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də bir milli kimlik məsələsidir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır.

2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Şuşa düşmən tapdağından azad olunub, azadlığına qovuşdu. Qarabağın döyünən ürəyi Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bu, bizim Vətən müharibəmizin tarixi Qələbəyə ucalan zirvəsidir.

Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub. Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Bu səbəbdəndir ki, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması barədə xəbəri xalqa çatdırmasından sonra insanlar əllərində bayraqlar küçə və prospektlərdə bayram əhval-ruhiyyəsində bu tarixi günü qeyd edirdi.

28 il idi ki, Şuşa düşmən əsarətində idi. 28 il idi ki, mədəniyyətimiz də, tariximiz də əsarətdə idi. Şuşanın işğaldan azad olunduğu gün Azərbaycan xalqının əbədi olaraq hər il misilsiz bayram əhval-ruhiyyəsi ilə qeyd edəcəyi şanlı tarixə çevrildi. Artıq 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə əbədi yazılıb. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Prezident İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü elan edildi.

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.

 Dövlət başçısı ilk günlərdən Şuşada təmir-bərpa işlərinin, infrastrukturun yaradılması prosesinin başlanmasına göstəriş verib. İlk növbədə 2020-ci ilin noyabrından Şuşaya aparan Zəfər yolunun tikintisinə başlanıb. İnfrastrukturla yanaşı, Şuşada tarixi abidələrin bərpasına da qısa müddətdə başlanıb. Bir neçə ay ərzində şəhərdə ermənilərin dağıtdıqları görkəmli şair və dövlət adamı Molla Pənah Vaqifin məqbərəsi, üstü, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli və ev-muzeyi, Bülbülün ev-muzeyi bərpa edilib. Hazırda şəhərdəki üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri cənab Prezidentin özünün iştirakı ilə Şuşaya gətirilib. Şuşa şəhərinin turizm potensialını təmin etmək üçün hotellərin bərpasına da başladılıb. İlk olaraq  “Qarabağ” və “Xarıbülbül” otelləri yenidənqurmadan sonra istifadəyə verilib.

 Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik