44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizin bir adı da Laçındır
Yeganə Maqsudova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən
Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Laçının geri qaytarılmasını təmin etdi.
Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi ərazilərimizə Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 28 il işğal altında qalan Laçın rayonunda yüzlərlə mədəni-məişət obyekti, onlarla qəsəbə, kənd və tarixi abidələri dağıdılaraq talan edilmiş,əhalisi etnik təmizləməyə məruz qalmışdır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilmişdi. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmişdir.54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Bugün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi şəkildə start verilmişdir. Lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi hal-hazırda dövlət siyasətinin əsas prioritetidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması bu gün də davam edir.
Rayonda hazırda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya, təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlının Xanlıq kəndini, Laçının cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin planlaşdırılması da bu layihələrdən olub,bölgənin beynəlxalq statusunu artırmağa xidmət edəcəkdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən bu və ya digər bütün tədbirlər kimi hərbi islahatlar,aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. 2020-ci il noyabrın 26-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusunun “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması da hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətin Silahlı Qüvvələrə qayğısının növbəti təzahürüdür.
“Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır”.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 21 Sentyabr Laçın şəhərində Azərbaycan bayrağını ucaldarkən söylədiyi bu təsirli nitqi bir daha deməyə əsas verir ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib.