imzalanan memorandumun ölkələr arasındakı münasibətləri daha da sıxlaşdıracaq
Xatirə Cəfərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
Aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Bolqarıstan, Ruminiya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu anlaşma sayəsində Azərbaycan Avropanın qaz bazarındakı fəaliyyətini daha da genişləndirəcək. Anlaşmanı imzalayan tərəflər arasında əməkdaşlıq güclənəcək.
Aprelin 25-də baş tutan anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.
Daha sonra Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənib və tərəflər çıxış ediblər. Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz çıxışında anlaşmanın əhəmiyyətini vurğulayıb və Azərbaycanın Avropa üçün etibarlı əməkdaş olduğunu, imzalanan memorandumun ölkələr arasındakı münasibətləri daha da sıxlaşdıracağını bildirib. Eyni zamanda anlaşmanı “ Həmrəylik Halqası”nın yaranması yolunda ilk böyük addım kimi qiymətləndirib.
Azərbaycan öz müstəqilliyini bərpa etdiyi gündən başlayaraq neft və qaz sahəsində baş vermiş irəliləyişlər danılmazdır. Ümumilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın bir çox ölkəsinə neft və qaz ixrac edir. 1994 -cü ildə imzalanmış “XX əsrin müqaviləsi” bu sahədə atılmış ilk və ən böyük addımdır və cənab İlham Əliyev bugün Ulu Öndərin yeritdiyi siyasətə sadiq qalaraq onu daha da irəliyə aparır- XXI əsrin mühüm müqavilələrinə imza atır.
İnanırıq ki, Azərbaycan öz zəngin enerji potensialı ilə gələcəkdə də bir çox ölkələrin, o cümlədən Avropanın enerji təminatında böyük rol oynamaqla yanaşı öz uğurlarını daha geniş sferada yayacaqdır. Sofiyada imzalanan anlaşma da məhz elə bu müqavilələrdən biridir. Bu cür müqavilələr, əməkdaşlıqlar ölkəmizin güclü bir dövlətə çevrildiyinin göstəricisidir. Heç şübhəmiz yoxdur ki, imzalanmış Anlaşma Memorandumu üzv olan ölkələr üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həmin ölkələrin inkişafında da öz töhvələrini verəcəkdir.