İyunun 2-də Bakı
Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı bu tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə ictimaiyyət üçün əhəmiyyətini vurğulayır. İlk neft-qaz sərgisi 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk cəsarətli addımlarını atdı. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi "Əsrin müqaviləsi"nin imzalanması ilə eyni vaxta təsadüf etdi. O vaxtdan bəri "Bakı Enerji Həftəsi" enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək, regionun ən nüfuzlu platformalarından birinə çevrildi.
Builki yubiley tədbiri Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti qəbul edir. Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.
Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək. Ötən il “Bakı Enerji Həftəsi” çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır.
Qeyd edək ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib.
“Bakı Enerji Həftəsi” əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən götürüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Yarandığı gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahələrinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı, istifadəsi sahəsindəki yeniliklər, həmçinin bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş, külək, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunur.
Dövlətimizin başçısı Azərbaycanın və strateji tərəfdaşlarının enerji təhlükəsizliyinə mühüm töhfə verən SOCAR haqqında onu da bildirildi ki, SOCAR qlobal enerji şirkəti olaraq milli sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasında strateji rol oynayır. Neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirən SOCAR keyfiyyətli idarəetmə, şəffaflıq və müasir yanaşmalar əsasında enerji sektorundakı mövqeyini ardıcıl olaraq möhkəmləndirir.
Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişafa malik ölkədir.