44 günlük Vətən müharibəsi şanlı tariximizdir

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Rəna Abutalıbova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 23 saylı körpələr evi, uşaq bağçasının müdiri

Ulu Öndər Heydər Əliyevin Azərbaycana miras qoyduğu siyasi sistem bugün də cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ümummilli lider Heydər Əliyevin timsalında Azərbaycan xalqı əsrlərin və minilliklərin qovuşub-ayrıldığı nadir bir tarixi məqamda real istəklərindən əlavə, romantik ideallarını da gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir coşqu ilə səfərbər olunmuşdur. Bu dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin şəksiz və misilsiz qələbəsi idi. Ulu Öndərin həyata keçirməyi yarım qalan taleyüklü mühüm məsələlər artıq İlham Əliyevin başçılığı ilə yerinə yetirilir.

30 ilə yaxın davam edən danışıqların dalana dirənməsi, Azərbaycanla sərhəddə və cəbhədə erməni təxribatlarının güclənməsi 27 sentyabr 2020-ci il tarixində Azərbaycanın əks-hücum əməliyyatlarını başlatmasına səbəb oldu. 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Müharibəni sonlandıran 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəaları Qafqazda formalaşmaqda olan yeni reallıqlar üçün də zəmin yaratdı. Belə ki, Bəyanatda keçmiş Dağlıq Qarabağ ərazisinə rus sülhməramlılarının yerləşdirilməsi, atəşkəsə nəzarət Türkiyə-Rusiya birgə Monitorinq mərkəzinin təşkili, regiondakı bütün kommunikasiyaların, eləcə də Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılması nəzərdə tutulmuşdu.

Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Müxtəlif təşkilatlar, özəl müəssisə və şirkətlərlə yanaşı, xeyli sayda vətəndaş müharibə zamanı, eləcə də atəşkəsdən sonra orduya daimi maddi dəstək verir, geyim, ərzaq, tibbi ləvazimat və s. yardım göndərməklə vətəndaşlıq borclarını yerinə yetirirdilər. Bu yardımlar o qədər geniş hal almışdı ki, Müdafiə Nazirliyi yardımlara ehtiyacın olmadığı, ordunun hər bir şeylə təmin edildiyi barədə ictimaiyyətə dəfələrlə açıqlamalar verməli olmuşdu. Ermənistana aid bəzi kütləvi informasiya mənbələri isə bu vəziyyətə heyrətini gizlədə bilmirdi.

 

Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir, KİV nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali baş komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı.

Noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Biz bu qələbəni Qəhrəman ordumuza, zabitlərimizə, əsgərlərimizə və haqqları ödənməz olan Şəhidlərimizə borcluyuq. 27 sentyabr 2022-ci il Anım günündə Şəhidlərimizin əziz xatirəsini yad edərkən İlham Əliyev qeyd etmişdir ki, bundan sonra da hər bir Azərbaycanlı müstəqilliyimizin keşiyində durmalı və bu qələbəni qoruyub saxlamalıdır.

Azərbaycan Prezidenti, Ermənistanın daxili proseslərinə baxmayaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma çərçivəsində öhdəliklərini yerinə yetirəcəyinə ümid etdiyini bildirir.