37 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illik yubileyi münasibətilə tədbir keçirilib
İyunun 13-də Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 37 nömrəli Musiqi Məktəbinin 30 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər iştirak etmişlər. 37 nömrəli Uşaq Musiqi Məktəbinin şagird və müəllim kollektivinin təqdimatında rəngarəng konsert proqramı nümayiş olunmuşdur.
Konsert proqramından sonra RİH başçısı Əziz Əzizov çıxış edərək 37 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivini 30 illik yubileyi münasibətilə təbrik etmiş, eyni zamanda bildirmişdir ki, 15 İyun – Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə mühüm önəm daşıyır. O, bildirmişdir ki, iyirmi doqquz il öncə gerçəkləşən bu tarixi gün xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda xalqın təkidi ilə Ümummilli Lider yenidən hakimiyyətə gəlməsəydi, şübhəsiz ki, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq mümkün olacaqdı.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. Yerli təşkilatın sədri 37 nömrəli Musiqi Məktəbinin kollektivini ölkədə musiqi sənətinin tərəqqisi, milli musiqi mədəniyyətimizin tədrisi naminə yorulmaz fəaliyyətinə, eyni zamanda Suraxanı rayonun ictimai və mədəni həyatında fəal iştirakına görə FƏXRİ FƏRMAN etmişdir.
Tədbirin sonunda 37 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illik yubileyi münasibətilə bir qrup müəllim heyəti Məktəbin Təşəkkürnaməsi ilə təltif edilmişlər.