31 mart - azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur
Arzu Hacı-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini
Xalqımıza qarşı törədilmiş soyqırımların dəhşətli mənzərəsi hələ də xatirələrdə yaşayır. Quba soyqırımından qalan kütləvi məzarlıq türk-müsəlman xalqlarına qarşı törədilmiş vəhşiliklərin bariz nümunəsidir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı qazanılıb.
“Böyük ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçiriblər. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan olunub, minlərlə Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. Ermənilər ilk milli qırğını Bakıda törətdilər. Daha sonra onlar Naxçıvanda, İrəvanda, Şuşada, Qarabağın Xankəndi və Malıbəyli kəndlərində də qırğınlar törətməyə can atmışdılar. Təsadüf deyildir ki, o dövrdə ABŞ-da erməni icmasının nəşrlərində İrəvanda milli qırğından əsas zərərçəkənlərin azərbaycanlılar olduğu etiraf edilmişdi.
1905-1907-ci illərdə qırğınlar zamanı ermənilər tərəfindən 158 Azərbaycan kəndi yandırılaraq məhv edilmişdi, lakin hər dəfə qırğına başlayan ermənilər xalqımızın qeyrətli oğullarından layiqli cavab alaraq geri çəkilməyə məcbur qalırdılar.
1918-ci ilin mart ayından etibarən əks inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən plan həyata keçirilirdi. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc əhali milli mənsubiyyətinə görə məhv edildi, evlər yandırıldı, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb məhv edildi.
1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür.
Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur. Bu işdə ən aktiv fəaliyyəti məhz dövlət başçımız cənab İlham Əliyev icra etməkdədir.
Mən həm humanist bir həkim, həm də ömrünü tibb elminə həsr etmiş həkim kimi bir daha xalqımızın belə faciələr yaşamamasını arzu edirəm. Ümid edirəm ki, İkinci Qarabağ müharibəsi və anti-terror tədbirlərindən sonra erməni millətçiliyinin başı bir dəfəlik əzilib.
Arzu edirəm ki, bir daha heç vaxt xalqımız belə müsibətlər yaşamasın. Xalqımıza Qalib xalq kimi azad olunan torpaqlarda yaşamağı diləyirəm.