Azərbaycan Qırğızıstan üçün dəyərli investordur

Azərbaycan Qırğızıstan üçün dəyərli investordur
Səadət Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin direktoru

Oktyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti Qırğızıstana səfər etdi. Səfərin hər iki ölkə üçün siyasi-iqtisadi, tarixi, mədəni baxımdan əhəmiyyəti özünü keçirilən görüşlər və imzalanan sənədlərdə geniş mənada əks etdirdi. Hər iki ölkə başçısının öz nitqində vurğuladığı kimi Qırğızıstan və Azərbaycanın dərin ümumi köklərlə bir-birinə bağlılığı, ortaq mədəniyyətə, tarixə malik olması dostluq, əməkdaşlıq  və müxtəlif sahələrdə tərəfdaşlıq üçün möhkəm zəmin yaradır. Azərbaycanla Qırğızıstan arasında münasibətlərin yeni kontekstdə qurulması və inkişaf etdirilməsini son dövrlərdə türkdilli dövlətlərin daha sıx əlaqələr qurmaq cəhdlərində yeni təkan kimi də qiymətləndirmək olar. Şübhəsiz ki, bu müsbət tendensiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsaslı strateji müttəfiqliyinin davamı olaraq inkişaf etməkdədir. Sözügedən səfər mədəni əlaqələrin inkişafı üçün şərait yaradan bir çox məqamlarla yadda qaldı.

Yaxın və uzaq gələcək üçün mədəni gündəliyin müəyyən olunması xalqlar arasında ünsiyyətin artırılmasına xidmət edəcəkdir. Qarşılıqlı mədəniyyət günlərinin təşkili Qırğızıstan və Azərbaycan vətəndaşlarının sıx təmasına rəvac verməklə hər iki ölkənin zəngin mədəniyyətinin təbliği baxımından da önəmli olacaqdır. Bu da bir gerçəkdir ki, hər bir dövlətin gələcəyə yönəlmiş planları arasında ən vacib istiqamətlərdən biri də məhz gənclərlə bağlıdır. Bu mənada təhsilin əvəzsiz rolu göz önündə tutularaq Qırğızıstan və Azərbaycan gənclərinin bu ölkələrin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılması səfər zamanı diqqət ayrılan məsələlərdən oldu.  Təhsilin birgə fəaliyyət və davamlı ünsiyyət üçün yaxşı vasitə olması nəzərə alınaraq konkret proqram üzərində çalışılması planlaşdırıldı.

 “Azərbaycan Respublikasının Bakı şəhəri ilə Qırğızıstan Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” nun imzalanması da səfərin yaddaqalan məqamlarından oldu. Xarici işlər Nazirlikləri arasında razılaşdırılmış 2023-2025-ci illəri əhatə edəcək əməkdaşlıq Proqramı isə öz növbəsində üzərinə düşən missiyanı həyata keçirəcəkdir.

Bu gün Qırğızıstan üçün dəyərli investor kimi çıxış edən Azərbaycanın səmimi dostluq, qardaşlıq mövqeyi ilə güvəniləcək tərəfdaş olması da günün reallığıdır. Hədəflərini dəqiq ifadə edən ölkələrimiz arasında Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması bu baxımdan mühüm əhəmiyyətə malik qərardır. Yarım il əvvəl Qırğızıstan Prezidenti Sadır Nurqojoyeviçin Bakıya səfəri zamanı imzalanmış Bəyannamə strateji tərəfdaşlığı rəsmiləşdirən sənəd olaraq nə qədər böyük önəm daşıyırsa həmin Bəyannamənin konkret məzmun üzrə reallaşdırılması istiqamətində atılan addımlar da bir o qədər vacib məna kəsb edir. Bu səbəbdən İnkişaf Fondunun fəaliyyətinin növbəti mərhələsinin kapital qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi olacağı gözlənilir. Ümid edir və inanırıq ki, əmtəə dövriyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək addımlar əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir.

Nəqliyyat –tranzit sahəsinin ümumi iqtisadi inkişaf və əlaqələrin genişləndirilməsində böyük rola malik olduğunu nəzərə alaraq artıq mövcud olan nəqliyyat yolları ilə bərabər yeni yolların da planlaşdırılması kommunikasiyanın davamlılığı nöqteyinəzərindən zəruri hesab olunur. Odur ki, Azərbaycan Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı müsbət qarşılayır. Artıq əhəmiyyətli nəqliyyat şəbəkəsi yaratmağa müvəffəq olan ölkəmiz Orta Dəhlizin bir hissəsi olacaq sözügedən dəmir yolunun regionumuzda həyata keçirilməsi nəzərdə tutulan layihələrdə lazımi rolu oynayacağına olan ümidini ifadə edir. Liman imkanlarımızın artırılması da bizim üçün prioritet məsələlərdən hesab olunur. Cənub-Qərb və Şimal-Qərb dəhlizlərinin də potensialını nəzərə alaraq bu sahədəki imkanlardan istifadənin genişləndirilməsi üçün daha ciddi və əhatəli fəaliyyətlərə istiqamətlənmək olar. Qeyd olunanları nəzərə alaraq demək olar ki, səfərin gedişatı ümumilikdə xoş təəssüratlar doğurmaqla yanaşı inkişafmeylli dinamikası ilə də yaddaqalan oldu.