Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix
Vəfa Sarıyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu,278 nömrəli tam orta məktəbin təşkilatçısı
Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndidə olarkən söylədiyi nitqi xüsusi maraq doğurmuşdur. Ali Baş Komandan ilk növbədə, həmin günün tarixi bir gün olduğunu bildirmişdir. Xalqı qarşısında,dövləti qarşısında verdiyi sözü xatırlamış, 20 il ərzində qarşısına qoyduğu bütün vəzifələrin yerinə yetirdiyini söyləmişdir. Prezident Azərbaycan dövlətinin dünya miqyasında tutduğu mövqeyi, siyasi arenada əldə etdiyi uğurları, güclü iqtisadi nailiyyətlərin olduğunu xatırladaraq ölkəmizin daha da inkişaf edəcəyini xalqın diqqətinə çatdırmışdır.
Biz güclü orduya malik olmağımızı, hərbi qüvvələrimizin mükəmməlliyini 44 günlük müharibə zamanı bir daha dünya səviyyəsində sübut etdik deyən İlham Əliyev həmçinin qorxmaz, döyüşkən Azərbaycan övladlarının da rolunu qeyd etmişdir. O, şəhidlərimizin xatirəsini yad etdiyi zaman onların ruhları qarşısında borclu olduğumuzu bildirmişdir. Cənab Prezident həmçinin Ulu Öndər Heydər Əliyevi xatırlayaraq onun dövlətçilik uğrunda, Azərbaycanın suverenliyi uğrunda gördüyü işlərdən, qarşılaşdığı çətinliklərdən danışdı. Bildirdi ki, o, atasının qoyduğu işləri davam etdirmək üçün hər zaman çalışmış, Azərbaycançılıq ideyası uğrunda hər bir kəslə, hər yerdə mübarizə aparmışdır.
Prezident Azərbaycan xalqının bu qələbəyə layiq olduğunu bildirmişdir. Azərbaycan bayrağının altında həmin torpaqlarda gəzərkən böyük xoşbəxtlik, fərəh hissi keçirdiyini söyləmişdir : "Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir".
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını dalğalandıran zaman dediyi bu sözlər ana torpağı canlarından çox sevən cəsur oğullarımızın qəhrəmanlığına verilən ən yüksək qiymətdir.