28 mart şəhid Orxan Qəhrəmanovun doğum günüdür
28.03.2022–ci il tarixdə doğum günü münasibəti ilə Suraxanı rayonu sakini, Vətən Müharibəsi şəhidi əsgər Qəhrəmanov Orxan Səlvər oğlunun təhsil aldığı Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin kollektivinin təşkil etdiyi anım tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Elmar Hüseynov, Sevinc Ağayeva, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan 104 nömrəli tam orta məktəbin direktor müavini Kərəm Mehdiyev məlumat vermişdir ki, Orxan hələ uşaq yaşlarından vətənpərvərliyi, dostlarına, sinif yoldaşlarına xoş münasibəti ilə seçilirdi. Məktəbdə şəhid məzunları ilə yanaşı bir çox şəhid olmuş övladların da adına siniflərin fəaliyyət göstərdiyini vurğulamışdır. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və 21 oktyabr 2020-ci ildə ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov demişdir ki, istər müharibə dövründə, istərsə də sonra dövlət başçısı möhtərəm Prezident, YAP sədri İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhid, qazi və müharibə veterenlarına olan qayğsı, həssas təbəqədən olan insanlara qarşı münasibətləri üçün örnək olmalıdır. Suraxanı RİH-nin şöbə müdiri Elmar Hüseynov bildirmişdir ki, 44 günlük Vətən Müharibəsi ərəfəsində Azərbaycan Respublikası və müzəffər ordusu qarşısına qoyduğu bütün hədəflərə çatmış və döyüş planlarını artıqlaması ilə yerinə yetirmişdir. Elmar Hüseynov müharibədə Orxan kimi övladlarımızın sayəsində qalib gəldiyimizi vurğuladı.
Qeyd edək ki, şəhid əsgər Qəhrəmanov Orxan Səlvər oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Göstərilən diqqət və qayğıya görə şəhidin anası cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına, tədbirin təşkilatçılarına öz dərin minnətdarlığını bildirmişdir.